İsrail və ABŞ Türkiyədəki vətəndaşlarına terror hadisələrin olacağı ilə bağlı xəbərdarlıq edib. ANS PRESS-inməlmatına görə, İsrail hökuməti vətəndaşlarına təcili şəkildə Türkiyəni tərk etmələri məsləhət görüb.
ABŞ-ın Türkiyədəki səfirliyinin əməkdaşları isə İstanbul və Antaliya kimi böyük şəhərlədə terror hadisələri olacağı barədə kəşfiyyat məlumatları əldə etdiklərini bildiriblər. Ona görə də səfirlik ABŞ vətəndaşlarına həmin şəhərləri tərk etmələrini məsləhət görüb.
ABŞ səfirliyinin vətəndaşlarına müraciətində deyilir: "Adıçəkilən bölgələrdə yaşayırsınızsa diqqətli olun! Terror təhlükəsi ilə bağlı yerli medianı izləməniz məsləhət görülür”.
Xəbərdarlıqlardan sonra xarici ölkələrin İstanbulda yerləşən səfirliklərində və digər dövlət binalarında təhlükəsizlik tədbirləri gücləndirilib. Polis əməkdaşları şəhərin bəzi hissələrində əməliyyatlar keçirib.
Nəticədə, İstanbulun Taksim meydanında şübhəli çanta tapılıb. Təhlükəsizlik tədbirləri ilə əlaqədar meydana aparan yollar hər iki istiqamətdə bağlanıb. Həmçinin İstiqlal küçəsində vətəndaşların və nəqliyyatın hərəkətinə qadağa qoyulub.
Bundan əvvəl Türkiyədə bir necə dəfə terror hadisələri baş verib. Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı “Qızılay” meydanının yaxınlığında terror hadisəsi baş vermişdi.
Türkiyə paytaxtında axşam saatlarında böyük partlayış olub
Kamikadzenin hərəkətdə olan avtomobillə avtobus dayanacağında törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 37 nəfər ölmüş, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Həmçinin Ankarada və İstanbulda bir neçə dəfə terror hadisəsi baş verib. Fevralın 17-də Ankarada baş verən terror hadisəsi nəticəsində 30 nəfərdən çox insan həyatını itirmişdi. Partlayışları İŞİD və PKK kimi terror təşkilatları öz üzərinə götürüb.