Kadırov Nemtsovun öldürülməsinin səbəblərindən danışıb

Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinərək həbs olunanlardan biri Zaur Dadayev törətdiyi cinayəti etiraf edən ifadə verib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Dadayevin barəsində həbs-qətimkan tədbiri seçilib.
O, məhkəmədə verdiyi ifadədə Nemtsovun qətlində iştirakını təsdiqləyib. Lakin Dadayevin bu addımı hansı motivlər əsasında atdığı barədə məlumat verilmir.
çeçenistan rəhbəri Ramzan Kadırov isə Zaur Dadayevi “əsl Rusiya patriotu” adlandırıb. O, Dadayevin Daxili Qoşunlarda xidmət edərkən “ən cəsur və mərd döyüşçülərdən biri olduğunu” deyib.
“KİV-lər xəbər verir ki, Zaur məhkəmədə Nemtsovun qətlində iştirakını təsdiqləyib. Zauru tanıyan hər kəs bilir ki, o, dinə dərindən inanan, dindar adamdır. Bütün müsəlmanlar kimi o da “Charlie Hebdo”nun hərəkətlərindən və dərc etdiyi karikaturalara verilən şərhlərdən sarsılmışdı. Əgər məhkəmə Dadayevin günahını sübuta yetirəcəksə, deməli, o, ağır cinayət əməlinə yol verib”- deyə R.Kadırov İnstagramda yazıb.
çeçenistan rəhbəri əmindir ki, Dadayev heç vaxt Rusiyaya qarşı addım atmazdı. Moskvanın Basmannıy Rayon Məhkəməsinin mətbuat katibi Anna Fadeyeva isə deyib ki, Nemtsovun qətlində adı küçən şübhəlilərdən üçü – Anzor Qubaşov, Ramzat Baxayev və Tamerlan Əsgərxanov ittihamları qəbul etmirlər.
İnquşetiyanın Milli Təhlükəsizlik Şurasının katibi Albert Baraxoyev isə Dadayevlə Qubaşevin 10 ildir bu respublikada yaşamadıqlarını, Dadayevin çeçenistandakı “Şimal” polkunda batalyon komandirinin müavini olduğunu deyib.