XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 05:17

Yerüzündəki ən qeyri-adi məkanlar

Oxucularımıza planetin ən qeyri-adi guşələrindən söhbət açmaq istərdik. Bu yerlərin landşaftı son dərəcə qəribədir və fotoşəkillərə baxarkən sizə elə gələcək ki, bunlar hansısa başqa bir qalaktikada, başqa bir planetdə yerləşir.

Quru vadilər

Oxucunun təsəvvüründə ancaq soyuq buzlara bürünmüş Antarktidadan başlayaq. Quru vadilərdən…. Təəccüblənməyin. Son bir neçə milyon il ərzində bura heç bir yağıntı düşməyib. Bu ərazi iqlimcə Marsı xatırladır. Buna görə də NASA-nın bir çox sınaqları məhz burada keçirilir. Bura Antarktidanın buz örtməmiş yeganə hissəsidir. Vadilərdə son dərəcə duzlu suyu olan buz bağlamış göllər var və buzun altında sirli bakteriyalar, orqanizmlər aşkarlanıb. Bu tapıntı Marsda da həyat olması haqda nəzəriyyəni qismən təsdiq edir.

Sokotra adası

Sokorta adasının mənzərələri unikaldır və daha çox başqa planetin görüntülərinə bənzəyir. Ada 6 milyon ildən çoxdur ki, coğrafi baxımdan Afrika qitəsindən təcrid olunub və bitki-heyvanat aləmi olduqca çeşid-çeşid növləri ilə alimləri də heyran qoyur. Bu növlərin üçdə birinə ancaq burada rast gəlmək mümkündür. İsti və quru iqlimə baxmayaraq, adada yaşı 20 milyon ilə yaxın olan bitkilərə rast gəlmək olur.

Rio Tinto daş karxanası

Bu qeyri-adi məkan İspaniyanın Əndəlus vilayətində yerləşir. Rio Tintonun nəhəng daş karxanaları öz adını əzəmətli kraterlədən faydalı qazıntıları yuyub gətirən eyniadlı çaydan götürüb. Burada uzun əsrlər boyunca hasilat aparılıb. Buna görə də çay parlaq al-çəhrayı rəngə boyanıb. Hazırda bölgədə hasilat dayandırılıb, turistlər, fotoqraflar dəstə-dəstə bura axışır.

Xallı göl

Kanadada Britaniya Kolumbiyasında qərar tutub. Hava şəraiti və iqlimdən asılı olaraq göl kristallaşır və müəyyən rəngə boyanır, gölün səthində çoxlu “xallar” – minerallardan dairələr əmələ gəlir. Bu, dünyada ən böyük maqnium-sulfat (Epsom duzları) yığıntısıdır. Bura Kanada hinduları üçün müqəddəs məkandır və şəfalı özəllikləri ilə ad çıxardıb.

Solonçak Uyuni

Dünyanın ən böyük duzlu gölü. Ucsuz-bucaqsız duz səhrası, fəaliyyətdə olan vulkanlar, böyük kaktus adaları və geyzerlər. Gölün səthində ciplə gəzmək olar. Solonçak Uyuni kosmosdan çox yaxşı görünür və sputniklərin nizamlanması üçün nöqtələrdən biridir.

Ay vadisi – Vale da Lua

Daha bir qeyri-adi guşə Braziliyadadır. Vale da Lua tərcümədə Ay vadisi deməkdir. Bura suyun yuduğu dağ biçimidir və sanki təbii üzgüçülük hövzəsidir. Ay vadisi Xapada meşəsində yerləşir və planetdə ən qocaman dağ biçimlərindən biridir.

Qanlı göl

Yaponiyanın Beppu şəhərindədir. Şəhərdə qəribə geyzer bulaqları var, lakin onlardan ən məşhuru parlaq qırımızı rəngli, qaynar sulu Qanlı göldür. Bu rəng suyun tərkibində xeyli dəmirin olması sayəsindədir.

Daş meşə

çindəki Şilin daş meşəsi karst topoqrafiyasının valehedici nümunəsidir. Qayalar əhəngdən təşkil olunub və ağaca bənzəyən bu sütunlardan başqa hər şeyi dağıtmış suyun “əsər”idir. Şilin daş meşəsi Minq sülaləsi dönəmindən bəri “dünyanın birinci möcüzəsi” kimi məşhurdur.

Rişat strukturu

Mavritaniyada yerləşir. Ona həm də “Saxaranın gözü” deyirlər. Şəklə diqqətlə baxsanız, doğrudan da, belə görünür. Rişatın diametri 30 milə yaxındır və kosmosdan da görünür. Əvvəllər düşünüldüyü kimi, bu guşə meteoritin düşməsi nəticəsində meydana çıxıb. Lakin müasir geoloqlar ehtimal edirlər ki, Rişat strukturu aşınmanın nəticəsidir. Onun dairəvi olmasının səbəbi isə hələ də müəmma olaraq qalır və dünyanın bütün alimləri hələ də bu tapmaca üzərində baş sındırırlar.

Cəhənnəm darvazası

Məşhur Cəhənnəm darvazası Türkmənistanda yerləşir. Bu məkan öz əzəməti, Yerin təkindən qaynayıb gələn min tonlarla lava və istisi ilə insanı xofa salır. Yanar krater Qaraqum səhrasının ortasındadır. Cəhənnəm darvazası, əslində, qaz quyusudur. Diametri 60, dərinliyi isə 20 metrdir. Onun tarixçəsi də olduqca maraqlıdır. Tədqiqatçılar qaz hasil etmək üçün burada quyu qazırdılar, lakin nəticədə bu nəhəng uçurum əmələ gəldi. Heç kim zəhərlənməsin deyə qazı yandırmalı oldular və yanma indi də davam edir.

Buz mağaralar

Eysrayzenvelt buz mağaraları Almaniyadadır. Bu mağaralar digər buz mağarlarından qeyri-adi buzlağı ilə fərqlənir. Bura düşərkən özünü nağıl dünyasında hiss edirsən. Dünya buz mağaraları çoxdur, lakin ən böyüyü Eysrayzenvelt mağarasıdır. Onun ümumi uzunluğu 40 km-dir və ziyarət üçün yalnız bir hissəsi açıqdır. Lakin hətta bu da bəs edir ki, hər gün minlərlə turist bu gözəlliyin qarşısnda məftun qalsın.

Strateq.az