XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Aprel 2016 - 16:43

Şimali Koreyaya qarşı neft embarqosu tətbiq olunacaq- Nüvə sınağı keçirərsə

Kim-cen-in

Yaponiya, Koreya Respublikası və ABŞ nüvə sınağı keçirəcəyi təqdirdə Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı BMT Təhlükəsizlik Şurasından bu ölkəyə neftin ixracını bütünlüklə dayandırmağı tələb edən yeni qətnamənin qəbulunu tələb edəcəklər. Bu barədə “Asahi Şimbun” qəzeti məlumat yayıb.

Nəşrin etibarlı mənbələrə istinadla verdiyi məlumatda bildirilir ki, BMT tərəfindən qəbul ediləcək yeni qətnamədə neftin ixracının tam dayandırılması ilə yanaşı, KXDR-in yeganə “Air Koryo” aviaşirkətinin uçuşlarına da qadağa qoyulacaq. Qəzet, həmçinin qeyd edir ki, Pxenyana qarşı sanksiyaların kəskinləşməsi məsələsində bu üç ölkə Çin və Rusiya ilə əməkdaşlıq etmək niyyətindədir.

Bu həftənin əvvəllərində Yaponiya xarici işlər nazirinin müavini Akitaka Sayki, ABŞ dövlət katibinin müavini Entoni Blinken və Koreya Respublikası xarici işlər nazirinin birinci müavini Lim Son Nam Seulda görüşüblər. Görüş zamanı Koreya Respublikası Milli Müdafiə Nazirliyinin KXDR tərəfindən ballistik raketlər üçün nüvə başlığının sınağının hazırlanması barədə məlumatı əsas götürən tərəflər bu ölkəyə təzyiqləri artırmaq barədə razılığa gəliblər.

Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurası martın 2-də Pxenyanın keçirdiyi nüvə sınağına və süni peykli raketin orbitə buraxılmasına görə KXDR-ə qarşı sanksiyaların kəskinləşdirilməsi barədə qətnaməni yekdilliklə qəbul edib.

Sənəd bu ölkədən kömürün, dəmir filizinin, titanın, vanadiumun və digər əlvan metalların ixracına, həmçinin KXDR-ə aviasiya və raket yanacağının idxalına qadağa qoyub. Bundan əlavə, qətnamə bank sektoruna qarşı sanksiyaları, yüklərin icbari yoxlanılmasını, nüvə və raket proqramı ilə əlaqədar təşkilatlara və şəxslərə qarşı ünvan qadağalarını da nəzərdə tutub(azərtac).