XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

24 Aprel 2016 - 16:19

“Heç kim Türkiyədən söz azadlığının durumunu sorğu-sual edə bilməz” –Davudoğlundan Avropaya xəbərdarlıq

merkel davud

“Türkiyə tənqid və söz azadlığına hörmətlə yanaşır, lakin, söz azadlığı kimi qələmə verilən təhqirlər qəbuledilməzdir”.

Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Almaniya kansleri Angela Merkel, Aİ Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin müavini Frans Timmermanslə Qazıantepdə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Biz Avropanın bir hissəsiyik və söz azadlığı bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz, söz azadlığı ilə bağlı məsələlər də daxil olmaqla, istənilən mübahisəli məsələləri müzakirə edə bilərik. Lakin, bizə yuxarıdan baxılırsa, biz bunu qəbuledilməz hesab edirik. Biz son iki ildə dörd dəfə ciddi seçkilər keçirdik. Biz bu müddət ərzində mətbuatda güclü tənqidə məruz qaldıq. Və biz tənqidə hörmətlə yanaşdıq – heç kim deyə bilməz ki, bizdə mətbuata təzyiq olunub”, – deyə Davudoğlu bildirib.

Davudoğlu qeyd edib ki, təhqirlərin söz azadlığı kimi qələmə verilməsi qəbuledilməzdir: “Avropa ölkəsində bizim prezident təhqir olunur. Bunu necə sakit qəbul etmək olar? Bu təhqirin söz azadlığı ilə heç bir əlaqəsi yoxdur. Biz bu mövzunu Aİ-dəki dostlarımızla müzakirə etməyə hazırıq. Mən avropalı həmkarlarıma bildirmişəm ki, onların ölkələrinə milliyyətçi yanaşmalar mövcuddur. Biz istənilən qədər diskussiyalar apara bilərik, lakin heç kim daim, sanki imtahanda olduğu kimi, Türkiyədən söz azadlığının durumunu sorğu-sual edə bilməz”.

Qeyd edək ki, martın sonunda televiziya aparıcısı Yan Bemerman ZDF telekanalında yayımlanan verilişdə Türkiyə hakimiyyətini tənqid edərək, prezident Rəcəb Tayyib Ərdoğan haqda təhqiredici satirik şeir oxuyub.

Buna cavab olaraq Türkiyə hökuməti Berlinə nota təqdim edərək, Ərdoğanı təhqir edən aparıcını cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Ərdoğan məsələ ilə bağlı şəxsən Almaniyanın Mayns şəhərinin prokurorluğuna ərizə ilə müraciət edib.

APA