XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2016 - 02:07

İran parlamentinə seçkilərin ikinci turu –Ruhani tərəfdarlarının üstünlüyü nə vəd edir?

iran-2

Aprelin 29-da İranda parlament seçkilərində boş qalan yerlərə seçkilər keçirilib. Fevralın 26-da keçirilən parlament seçkilərində 290 yerlik İslami Şura Məclisinə 222 deputat seçilib. Heç bir namizədin yetərli səs toplaya bilmədiyi 21 bölgədə 68 mandat uğurunda əlavə seçkilər keçirilib. 

Qeyd edək ki, seçkilərin ikinci turu İran siyasəti baxımından xeyli dərəcədə mühüm əhəmiyyət kəsb edir. Çünki əsas seçkilərdə Həsən Ruhaninin liderliyindəki “islahatçı” qrup 106 mandatla öndə olsa da, həlledici üstünlük qazana bilməyib. Ancaq prezidentin rəhbərlik etdiyi “İslahatçılar və Hökuməti Dəstəkləyənlər Birliyi” islahatçı qrup ölkədə ən önəmli seçki bölgəsi hesab olunan Tehranda 30 mandatın hamısını qazanıb. Hələlik qətiləşməmiş seçki nəticələrinə əsasən “mühafizəkar” qanad 95 mandat qazanıb. Aprelin 29-da keçirilən seçkilər parlamentdə hansı qrupun çoxluğu əldə edəcəyi ilə bağlı həlledici sayılırdı.

Cümə günü keçirilən əlavə seçkilərin nəticələri haqda ilkin məlumatlara əsasən 68 mandatdan 33-nü “islahatçılar” əldə edib. “Mühafizəkarlar” isə 21 mandat qazanıb. 14 manatı isə müstəqil namizədlər əldə ediblər. 

Hələlik yekun nəticələr bəlli olmasa da, müşahidəçilərə görə, “islahatçılar” daha öndə görünürlər. Ancaq islahat cəbhəsinin parlamentdə tam üstünlüyə nail olmadığı, bunun üçün müstəqil vəkillərin dəstəyinə ehtiyac duyacaqları bildirilir. Beləliklə, İran parlament qarşıdakı illərdə gərgin siyasi mübarizə meydanı olaraq qalacaq. 

Ancaq məsələ ondadır ki, son dövrdə həm Qərblə anlaşmanın gözlənilən effekti verməməsi, üstəlik Qərbdə, xüsusən də Amerikada İrana qarşı bir sıra qərarlar, o cümlədən son olaraq Amerika məhkəməsinin İranın dondurulmuş pullarına həbs qoyması qərarı İran daxilində indiki hakimiyyətin mövqelərinə ciddi zərbə vurur. Çünki Həsən Ruhani hakimiyyətə məhz Qərbin embarqosunu ləğv edəcəyi şüarı ilə gəlib. Ötən müddətdə ciddi uğurlara imza atıb, ancaq eyni zamanda rəqibləri tərəfindən ona qarşı ciddi təzyiq var, anlaşmaların nəticələrinin olmadığı iddia edilir. Qərbdən gələn bu cür qərarlar isə İran daxilində islahatçılara qarşı əks-təbliğat üçün əsas verir. Məhz bu səbəbdəndir ki, anlaşmadan sonra başlayan antiqərb təbliğatı nəticəsində İranda Qərb əleyhdarlığı daha da yüksəlib. 

Mühafizəkar qanad hökumətin vəd etdiyi kimi, embarqodan sonra iqtisadi və sosial yüksəliş vədini icra etməsini tələb edir. Bu isə o qədər də asan deyil, üstəlik bir tərəfdən də mühafizəkar qanad (ordu, kəşfiyyat) Amerika ilə gərginliyi artıracaq bütün vasitələrdən istifadə edir. Belə bir gərgin durumda Ruhaninin həm Qərblə yaxşı anlaşması, eyni zamanda daxildə mövqeyini qoruyub saxlaması çətindir. Üstəlik bütün bunların fonunda İran Yaxın Şərqdə faktiki olaraq savaş vəziyyətindədir.  

Gələn il isə İranda prezident seçkiləri olacaq. Həsən Ruhaninin yenidən seçilmək şansı indi mümkün görünsə də, qarşıdakı bir ildə situasiyanın dəyişməsi də mümkündür. 

Bunun üçün təcrübəli “Diplomatiya şeyxinin” dövlətin dərin güclərini tutduğu xəttin ən uyğun olmasına inandırması lazım gələcək. Hələlik Ruhani bunu bacarır və bu səbəbdən də ruhani hakimiyyət ona etimad göstərir. Ancaq eyni zamanda Ruhaninin Qərblə yaxınlaşmaq cəhdinə qarşı bir sərt etiraz da var. Bu vəziyyət daha da dərinləşməyə doğru gedərsə, 2009-cu il hadisələrini yeni variantda 2017-ci ildə də müşahidə edə biləcəyik.

 

Kənan Rövşənoğlu

Musavat.com