XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 10:40

Yaxın Şərqin “qara təqvimi”nin 100 yaşı tamam oldu

"Sykes-Pikot" anlaşması hələ də bölgə üzərində ağır təsirlərini qoymaqda davam edir

 

xerite

 

100 il öncə – 1916-cı il, mayın 16-da Yaxın Şərq xəritə üzərində iki imperiya – Britaniya və Fransa arasında bölünüb. 

 

Tarixə “Sykes-Picot” (Saykes Pikot) müqaviləsi kimi düşən anlaşma o zaman hələ mövcud olan Osmanlı imperiyasının ərazilərinin xəritə üzərində Avropa müstəmləkə imperiyaları tərəfindən bölüşdürülməsini nəzərdə tuturdu. 

 

Məhz bu süni bölgü nəticəsində 100 il keçsə də, Yaxın Şərqdə münaqişələr, müharibələr, etnik və məzhəb düşmənçilikləri, terror dayanmır. 

 

Bu müqavilə haqda yayılmış məşhur əhvalatda deyilir ki, Yaxın Şərqdə bu gün də davam edən münaqişənin təməli Britaniya diplomatı Mark Saykesin barmağını xəritənin üzərində Akkadan Kərkükə qədər çəkərək “Burdan, E nöqtəsindən – Akkadan K nöqtəsi – Kərkükə qədər bir xətt çəkmək istəyirəm” deməsi ilə qoyulub.

 

Başqa adı ilə "Kiçik Asiya andlaşması" adlanan bu müqavilə Britaniya diplomatı Mark Saykes və Frensis Corc-Pikot tərəfindən tərtib olunur. Müqavilənin məğzi Yaxın Şərqdə Osmanlı ərazilərinin Britaniya və Fransa tərəfindən bölüşdürülməsi idi. Ancaq bu anlaşmanın ən pis tərəfi o idi ki, bölgü ingilis və fransız diplomatları tərəfindən xəritə üzərindən aparılırdı, bölgüdə yerli xalqların təmsilçiləri iştirak etmirdi, onların rəyi alınmamışdı belə. Bölgü sırf müharibə şəraitində işğal olunan və ya olunacaq ərazilərin iki qalib imperiya tərəfindən bölüşdürülməsi idi. 

 

Məsələ onda idi ki, I dünya müharibəsi başlayana qədər artıq Osmanlı ərazilərinin bir qismi ya işğal olunmuşdu, ya da nəzarətdən çıxmışdı. Savaş başladıqdan sonra Britaniya Ərəbistan yarımadasını böyük ölçüdə ələ keçirib. 1916-cı ildə isə Britaniya ordusu İraq ərazilərinə soxulub, aprelin 29-da Kutul Amarada məğlub olsa da, ingilislər qısa müddətdən sonra Bağdada qədər əraziləri işğal edib. 

 

Ancaq buna qədər ingilislər Misir kimi ölkəni işğal etmişdilər, bu dövrdə və daha əvvəl arxeoloq, etnoqraf, şərqşünas və jurnalist adı ilə ingilis agentləri Yaxın Şərqə yayılaraq ərəb qəbilələri arasında Osmanlıya qarşı fəaliyyətlər göstərirdilər. Artıq Yaxın Şərq Osmanlı idarəsindən çıxırdı və Britaniya, Fransa kimi dövlətlər bölgəyə göz dikmişdilər. Ərəbistanda ingilislərin qızışdırdığı Məkkə şərifi Hüseyn Osmanlıya qarşı üsyan qaldırmışdı. Müharibədən istifadə edən ərəb tayfaları daha geniş səlahiyyətlər və sərvət naminə ingilislərlə ittifaqa meylli idi. 

 

sykes_picot.jpg

 

 

Saykes-Picot müqaviləsində Yaxın Şərq, eləcə də Kiçik Asiya və ya Anadolu əraziləri Britaniya, Fransa və Rusiya arasında bölşdürülürdü. Rusiya Trabzon, Ərzurum, Van (Vana ermənilər iddia edirdi) və Bitlis vilayətləri ilə birlikdə Cənub-Şərqi Anadolu torpaqlarını alacaqdı.

Fransa Şərqi Aralıq dənizi bölgəsi – Adana, Antep, Urfa, Diyarbəkr, Mosul və Suriyanın Aralıq dənizi sahilləri boyu ərazilərini alacaqdı. 

 

Britaniya isə Fələstin Hayfa və Akka liman şəhərlərini, eləcə də Bağdad, Bəsrə və cənubi İraq torpaqlarını alırdı. Anlaşmaya görə Britaniya və Fransanın əldə etdiyi ərazilərdə ərəb dövlətləri konfederasiyası və ya vahid Ərəb dövləti (Şərif Hüseynin rəhbərliyi altında) qurulacaqdı. İsgəndərun azad liman şəhəri olacaqdı. Fələstində xüsusilə də Qüds əraziləri müqəddəs yer olduğu üçün beynəlxalq idarəçiliyə veriləcəkdi. 

 

 

Bu müqavilə bir müddət gizli qalsa da, oktyabr inqilabından sonra bolşeviklər çar Rusiyasının gizli diplomatik sənədlərini, o cümlədən bu anlaşmanın detallarını ictimailəşdiriblər. Bundan sonra Britaniya və Fransa anlaşmanın müstəqil ərəb dövləti qurmaq məqsədi daşıdığı fikrini ortaya atsa da, hər kəsə artıq Osmanlının bölünməsi planı olduğu məlum olmuşdu. 

 

Saykes-Pikot anlaşması bu gün mövcud olan Yaxın Şərq dövlətləri xəritəsinin əsas cizgilərini əhatə edirdi. I dünya müharibəsinin sonlarında ingilislər İraq, Ərəbistan, Fələstin kimi ölkələri, Fransa isə indiki Suriya və Livan ərazilərini ələ keçirdi. Daha sonra bu torpaqlarda yeni dövlətlər, daha doğrusu Məkkədən qaçan Şərif Hüseyninin oğlanlarının idarəsi altında olan Suriya, İraq, Misir və İordaniya dövlətləri yaradıldı. Bu ölkələrin böyük bir qismi İkinci Dünya Müharibəsinə qədər müstəmləkə olaraq qalıblar.

 

Saykes-Pikot ədalətsiz, xalqların xəbəri olmadan kağız üzərində sərhədlərin çəkilməsinin ən qaba və dəhşətli nümunəsidir. Britaniya ilə Fransa imperiyaları daha çox ərazi işğal etmək naminə böyük bir coğrafiyanı bölüşdürüb və bu zaman heç bir yerli şərtlər, etnik, milli və dini sərhədlər nəzərə alınmayıb. Məhz bu bölgü, ardınca bir çox anlaşmalar nəticəsində Yaxın Şərqdə qurulan süni dövlətlər və ölkə xəritələri 100 ildir davam edən münaqişələrə, müharibələrə səbəb oldu. Ən dəhşətli və amansız, həlli müşkül görünən Fələstin-İsrail münaqişəsi məhz bu anlaşmanın “meyvəsidir”. İngilis imperiyasının qurduğu süni krallıqlar hələ də bu coğrafiyada normal, ədalətli və sivil qanunlara dayanan dövlət quruluşlarının formalaşması önündə əsas maneə olaraq qalırlar. 

 

 

Kənan Rövşənoğlu

Musavat.com