Miqrantların qeyri-qanuni daşınması ilə məşğul olan qrupların ötən il 6 milyard avroya yaxın gəliri olub. Bu, Avropada mütəşəkkil cinayətkarlıqla məşğul olanların ən nəhəng gəlir mənbələrindən hesab olunur.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlama ilə İnterpol çıxış edib.
Qurumun məlumatına görə, qaçqınların 90 faizi Avropaya məhz qeyri-leqal daşınma yoluyla daxil olub. Daşıyıcar isə əsasən müxtəlif kriminal qruplarla bağlılığı olan şəxslərdir: «Bu işdə 100-dən artıq ölkədən olan cinayətkarlar iştirak edir. Daxili şərtlərdən, sərhəd yoxlanışının sərtləşdirilməsindən asılı olaraq marşrutları tez-tez dəyişirlər».
İnterpol daşıyıcılarla terrorçular arasında birbaşa əlaqənin olması barədə faktlara malik olmasa da, qaçqın axınından Avropaya giriş üçün istifadə olunduğunu istisna etmir.
BMT-nin məlumatına görə, 2015-ci ildə Avropaya 1 milyondan artıq miqrant daxil olub. Bu, 2014-cü illə müqayisədə 4 dəfə çoxdur.