Suriyanın Latakiya şəhərində – Rusiya hərbi bazasının yaxınlığında ard-arda bir neçə partlayış olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 120 nəfərin həyatını itirdiyi bildirilir.
Suriya dövlət telekanallarının məlumatına görə, partlayışlardan üçü avtovağzalda baş verib. Daha sonra «canlı bomba» özünü yerli xəstəxananın önündə partladıb.
Liman şəhəri Tartusda isə minalanmış avtomobillə terror aktı törədilib. Hər iki şəhər Bəşər Əsəd rejiminin nəzarətindədir. Bu ərazilərdə bu cür miqyasda terror hücumları nadir hallarda olur.
İŞİD «Amak» agentliyi vasitəsilə terrorun məsuliyyətini öz üzərinə götürüb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, baş verənlər Suriyadakı vəziyyətin nə dərəcədə həssas olduğunu bir daha ortaya qoyur.