Bu dəfə ABŞ təyyarəsi Yapon dənizi sahillərində Rusiya hava sahəsini pozub.
Strateq.az xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyinin bu gün yaydığı yazılı açıqlamadan belə çıxır.
Açıqlamaya görə, ABŞ-ın Moskvadakı hərbi ateşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb. Ona ABŞ-a aid RC-135 tipli təyyarənin 22 may 2016-cı il tarixində Yapon dənizi üzərində kəşfiyyat uçuşu həyata keçirərkən, Rusiya sərhədlərinə yaxınlaşdığı bildirilib.
Açıqlamada, həmçinin, təyyarənin transponder qurğusunun bağlı olduğu və mülki təyyarələr üçün təyin olunan hündürlükdən uçduğu iddia olunur.
ABŞ-ın Moskva səfirliyi də Müdafiə Nazirliyinə çağrıldıqlarını təsdiqləyib. Səfirlik rəsmi açıqlamasında bildirib: "Görüşdə bu cür hadisələrin təkrarlanmaması üçün tədbir alınmasının lazım olduğuna diqqət çəkildi".
Qeyd edək ki, son zamanlar Baltik dənizində də rus təyyarələri dəfələrlə ABŞ təyyarələriylə üz-üzə gəlmiş, təhlükəli vəziyyət yaradaraq onları bölgədən uzaqlaşdırmışdı. İndi deyəsən, eyni hadisələr Rusiyanın şərq ucqarında təkrarlanmağa başlayıb.