XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

25 May 2016 - 19:44

MDB ölkələrinin Daimi Səlahiyyətli Nümayəndələr ŞurasıMinskdə toplaşdı

Bu gün MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin nizamnamə və digər orqanlar yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçirilib. Bu barədə qurumun Minskdəki qərargahından məlumat veriblər.

Şuranın üzvləri 2020-ci ilədək olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyasının ikinci mərhələsinin (2012-2015-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planının yerinə yetirilməsinə yekun vurublar.

MDB İcraiyyə Komitəsinin iqtisadi əməkdaşlıq departamenti direktorunun müavini – iqtisadi inkişaf strategiyası şöbəsinin rəisi Yefim Kilar bu məsələ ilə bağlı məlumatla çıxış edib.

Qeyd olunub ki, dövlətlərarası innovasiya məkanının yaradılması, səmərəli fəaliyyət göstərən azad ticarət zonasına əsaslanan ticari-iqtisadi əməkdaşlığın inkişafı, xidmət, əmək və kapital bazarlarının, sosial-iqtisadi və valyuta-maliyyə sahələrinin, rəqabət siyasətinin və istehlakçı hüquqlarının müdafiəsinin inkişafı, maddi və təbii resurslardan istifadənin səmərəliliyinin artırılması, habelə ətraf mühitin mühafizəsi bu planın əsas istiqamətləridir.

Planda iqtisadiyyatın ayrı-ayrı sahələrində – energetika və nəqliyyatda, sənaye və kosmik sahədə, aqrar-sənaye kompleksində, informasiya-kommunikasiya xidmətləri və əlaqələri sahələrində əməkdaşlığa, habelə təbii və texnogen xarakterli fövqəladə hadisələrin qabaqlanmasına və nəticələrinin aradan qaldırılmasına xüsusi diqqət yetirilib.

Məlumat verilib ki, planda nəzərdə tutulan 162 tədbirdən 144-ü yerinə yetirilib, 18-i icra mərhələsindədir ki, həmin tədbirlərin də xeyli hissəsi uzunmüddətli perspektivə hesablanıb.

İclasda Birliyin müasir reallıqlara uyğunlaşdırılması üzrə iş çərçivəsində MDB-nin ali orqanlarının prosedur qaydalarına dəyişikliklərin edilməsinin, bir sıra sahə orqanlarının və digər strukturlarının iş aparatlarının say tərkibinin saxlanılmasının və ya optimallaşdırılmasının, habelə onların fəaliyyətinin optimal formatına dair təkliflərin məqsədəuyğunluğu haqqında məsələlər müzakirə edilib.

Bundan əlavə, MDB-nin Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının 2016-cı il sentyabrın 15-16-da Bişkekdə keçiriləcək növbəti iclaslarının gündəlikləri ilə Birlik ölkələrinin əlaqədar nazirlik və idarələrinin tanış olması üçün onların layihələrinə təkliflər daimi səlahiyyətli nümayəndələrə təqdim edilib. Gündəliklərin layihələrini Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iyul ayında keçiriləcək iclasında tərtib etmək qərara alınıb(azərtac).