“Mən bir həftə ərzində qəhrəmandan təhlükləi caniyə çevrildim”
Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev faktiki olaraq əvvəlki ifadələrindən imtina edib.
Strateq.az Rusiya KİV-ə isnadən xəbər verir ki, bu barədə “Lefortovo”dakı istintaq təcridxanasında ona baş çəkmiş hüquq müdafiəçiləri bildiriblər.
Dadayev deyib ki, onu həbs edərkən fiziki güc və hədə-qorxu tətbiq edilib: “Elə hey qışqırırdılar: “Boris Nemtsovu sən öldürmüsən?” Cavab verirdim ki, yox. Həbs zamanı keçmiş iş yoldaşım Ruslan Yusupovla bir yerdəydim. Və onlar dedilər ki, boynuma alsam, onu buraxacaqlar. Mən razılaşdım. Fikirləşdim ki, onu xilas edərəm və məni Moskvaya qədər sağ apararlar, Yoxsa Şavanovun başına gələn mənim də başıma gələrdi. Guya ki, o, qranatla özünü partladıb. Düşündüm ki, məni Moskvaya apararlar və məhkəmədə dərhal bütün həqiqəti danışaram ki, günahkar deyiləm. Lakin hakimlər mənə hətta söz də vermədilər”.
Dadayevin sözlərinə görə, o, qohumlarının tapdığı vəkildən imtina etməyib və bu barədə ilk dəfə hüquq müdafiəçilərindən eşidib.
O bildirib: “Qohumlardan xahiş etdim ki, mənə vəkil tapsınlar, amma hələ bir xəbər yoxdur. Fevralın 28-də azad edilməyim barədə sərəncam çıxıb və mən bir həftə ərzində qəhrəmandan təhlükləi caniyə çevrildim”.
Nemtsovun qətlində şübhəli kimi həbs olunmuş Şaqid və Anzor Qubaşev qardaşları da hüquq müdafiəçilərinə saxlanma zamanı tətbiq edilmiş döyülmə və işgəncə haqqında danışıblar.
Xatırladaq ki, əvvəllər Boris Nemtsovun qətlinin təşkilini “Şimal” batalyonu komandirinin keçmiş müavini Zaur Dadayevin öz boynuna götürdüyü barədə məlumat verilmişdi. Onun sözlərinə görə, cinayət siyasətçinin dəfələrlə müsəlmanlar və onların dini haqqındakı mənfi fikirlərinə görə baş verib.