çavuşoğlu: “Liviya münaqişəsinə kənar müdaxilə təhlükəli olacaq”
Türkiyənin xarici işlər naziri Mövlud çavuşoğlu Ankaranın Liviya üsyançılarını silahlandırması barədə Liviya hakimiyyətinin bəyanatını rədd edib.
Strateq.az Anadolu İA-ə isnadən xəbər verir ki, Liviya keçid hökumətinin baş naziri Abdalla ət-Tani əvvəllər Türkiyəni Liviyanın daxili işlərinə qarışmaqda və müxalifətə silah verməkdə ittiham etmişdi. Bundan sonra Liviya hökuməti türk şirkətlərinin ölkədəki fəaliyyətini qadağan etmişdi.
çavuşoğlu Maltaya səfərinin gedişində keçirdiyi mətbuat konfransında bunun tamamailə yalan olduğunu bəyan edib. O, əlavə edib ki, Türkiyə Liviyada atəşkəsi dəstəkləyir. Nazir hesab edir ki, Liviya münaqişəsinə kənar müdaxilə “təhlükəli” olacaq.
2011-ci ildə Liviya lideri Muammar Qəddafinin devrilməsi və öldürülməsindən bəri bu ölkə dərin böhran yaşayır. Siyasi səhnədə ordunun dəstəklədiyi liberallarla bir qrup keçmiş üsyançının dəstəklədiyi islamçılar bir-birinə qarşı mübarizə aparırlar.
Fikir müxtəlifliyi nəticəsində Liviyada ikihakimiyyətlilik yaranıb: bir tərəfdə Tobruk şəhərində qərarlaşmış qanuni parlament və baş nazir ət-Tani, digər tərəfdə – Tripolidə isə islamyönlü ümummilli Konqres və onun baş nazir seçdiyi ömər əl-Xasi durub.