Lakin əvvəlki kimi əmindir ki, bunun bir köməyi olmayacaq
Strateq.az xarici nəşrlərə əsasən xəbər verir ki, Amerika prezidenti Obama Ukraynanı silahlandırmaq məsələsində hər tərəfdən artan təzyiq qarşısında qalıb.
The New York Times yazır ki, “Amerika xüsusi xidmətlərinin son günlərdə yeni rus tankları və artilleriyasının Ukrayna sərhədini keçməsi məlumatı fonunda prezident Obama hər iki partiyanın və öz hökumətindəki xeyli məmurun güclənməkdə olan təzyiqi altında qalıb. Lakin o əvvəlki kimi əmindir ki, bunun bir köməyi olmayacaq”.
Məqalədə deyilir: “Demokratlar Senatın beynəlxalq münasibətlər üzrə Komitəsində respublikaçılara qoşulub administrasiyanı yekdilliklə Kiyevə silah göndərməyə çağırıblar. Qərargah rəislərinin sədri general Martin Dempsi müdafiə naziri Eşton Karteri və Milli kəşfiyyatın direktoru Ceyms Klepperi dəstəkləməklə belə bir addımı nəzərdən keçirmək çağrışı ilə açıq şəkildə Obamaya müraciət edib”.
Lakin təzyiqlərə baxmayaraq, prezident onlara anladıb ki, əvvəlki kimi bu addımın vacibliyinə şübhə edir. O öz müşavirlərinə və ona baş çəkənlərə bildirir ki, ukraynalılara silah verilməsi xeyli güclü ruslara üstün gələ bilmək fikrini onlarda möhkəmlədə bilər. Bu isə Moskva tərəfdən daha güclü reaksiya doğura bilər.
Anonim qaynaq Ağ Evdəki diskussiyanın məzmununu çatdırır: “Yaxşı, biz texnika göndərsək, nə baş verər? Təlimatçılar göndərməli olacağıq? Texnika cinayətkarların əlinə düşsə, necə? Bəs Putin münaqişəni genişləndirsə?”
Obamanın milli təhlükəsizlik üzrə müşaviri Süzan Rays da onun bədbinliyinə şərikdir.
Qeyd edək ki, prezident Bill Klintonun dönəmində dövlət katibi olmuş Madlen Olbrayt, prezident Cimmi Karterin müşaviri olmuş Zbiqnev Bzejinski də eyni fikirdədirlər.