XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 March 2015 - 13:48

bp Xəzəri məhv edir

bp Xəzəri məhv edir: Dənizə yüz ton kimyəvi maye dağılıb

Martın 10-da gecə saatlarında musavat.com-a həyəcanlı xəbər daxil olub. Məlumatda iddia olunur ki, bp Xəzər dənizindəki “İstiqlal” qazma buruğunda yoxlama aparır. İddiaya görə, qazma zamanı dənizə 100 tona yaxın kimyəvi maye (mud) dağılıb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məsələ ilə bağlı bildirib ki, bp bu cür hadisələri ictimailəşdirməkdə maraqlı deyil: “Bir hadisə, qəza olanda bp açıqlama vermir. Bir neçə dəfə bu cür hallar baş verib, şirkət dərhal açıqlama vermir, sonradan ümumi şəkildə nəsə deyir. Hətta Bakı-Tbilisi-Ceyhan kəməri ilə bağlı problem yarananda da, onlar tam açıqlama vermədilər. Onlar cəmiyyətə açıqlama verməyi xoşlamırlar”.
Baş verən olay bp tərəfindən musavat.com-a dolayısı ilə təsdiqlənib. “bp Azərbaycan” şirkətinin mətbuat xidmətinin başçısı Tamam Bayatlı bildirib ki, “İstiqlal” qazma buruğu yox, qazma qurğusudur. Azərbaycanın iki böyük qazma qurğusundan biridir. bp ondan “Şahdəniz”də qazma əməliyyatlarında istifadə edir, yəni bp-nin əməliyyatçısı olduğu yataqda quyu qazır: “Quyu qazılan zaman qazma məhlulundan istifadə olunur. Qazma məhlulu olmadan quyu qazmaq olmaz. Qazma məhlulu sintetik və su əsaslı olur. Biz qazarkən su əsaslı qazma məhlulundan istifadə edirik. Martın 5-də suyun 537 metr dərinliyində dənizin dibinə qazma məhlulu sızıb. Su əsaslı məhlul zərərsiz hesab olunur, əsasını su təşkil edir. Normal halda da bu cür su əsaslı qazma məhlulu durulaşdırılaraq dənizə tökülə bilir. çünki su əsaslı qazma məhlulu tam zərərsiz hesab olunur. Toksiklik səviyyəsi çox aşağıdır. Təbii şəkildə tez bir zamanda bioloji parçalanmaya məruz qalır. Belə sızma olarkən dərhal müvafiq orqanlara xəbər verilir. Müvafiq orqanlar Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyidir və Dövlət Neft Şirkətidir. Müvafiq tədbirlər də görülüb”.
Ekspert Natiq Cəfərli isə bildirib ki, bp-nin oxşar və daha ciddi problemi bir neçə il əvvəl Meksika körfəzində yaşanıb: “bp Meksika körfəzində çirklənməyə görə hələ də təzminat ödəyir. Təzminatın həcmi 20 milyard dollardan yuxarıdır. Həm Amerika hökumətinə, həm də sahildə yaşayan balıqçılıqla məşğul olan şəxslərə təzminat ödənilir. Hadisənin qazanclarına birbaşa təsir olan şirkətlərə hələ də təzminat ödəyir. Azərbaycan qapalı bir ölkədir. İctimaiyyətlə normal doğru-dürüst əlaqələr qurulmayıb. Məhkəmə sistemində normal çalışması mümkünsüz olan bir ölkədir. Bu səbəbdən bu tip çox vacib, insanları doğrudan da maraqlandıra biləcək və Azərbaycanın, Xəzərin ekoloji vəziyyətinə təsir edə biləcək hadisələr diqqətdən kənarda qalır. Bu, təəssüf doğurur. Əslində bununla bağlı doğru-dürüst məlumatlar da yoxdur, müəyyən rəqəmlərdən başqa. ölkədə qeyri-hökumət sektorunun işləməyinə şərait yaradılsaydı, ekologiya ilə məşğul olan sivil toplum olsaydı, televiziyalar bu işi normal işıqlandıra bilsəydilər, bp-nin məhkəməyə verilməsi və təzminat ödəməsi, ümumiyyətlə bu işin araşdırılması daha mümkün hala gələrdi. Bu, Azərbaycanın sistemli problemlərindən qaynaqlanan bir məsələdir. Bir çox sahələrdə olduğu kimi, burada da insanların bilgiləndirilməsi, məlumatlandırılması çox aşağı səviyyədədir. bp 1994-cü ildən Azərbaycana gələndən hökumətlə çox sıx işləyir. İnanmıram ki, hökumət də bu tip məlumatların yayılmasında maraqlı olsun. çox güman ki, Azərbaycan hökumətinin də marağı yoxdur bu məsələnin üzərinə getsin”.