XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 June 2015 - 11:37

AKP-nin iqtisadi təməlləri MHP-ylə koalisiyaya eyham vurdu

Parlament seçkilərindən sonra qurulması gözlənilən koalisiya hökumətiylə bağlı müzakirələrə Müstəqil Sənaye və İş Adamları Dərnəyi (MüSİAD) də qoşulub.

Strateq.az-ın bildirdiyinə görə,Türkiyənin “Hürriyyət” qəzetinə açıqlama verən MüSİAD –ın sədri Nail Olpak partiyalar arasında uzlaşmazlığın təkrar seçkilərə getməklə nəticələnə biləcəyindən narahatlığını ifadə edərək bunun doğru olmayacağına eyham vurub. Onun fikrincə, bu, Türkiyə iqtisadiyyatına mənfi təsir göstərə bilər. üstəlik, indiki qanunvericiliklə təkrar seçkilərdən fərqli nəticələr çıxmayacağını düşünən iş adamı ehtimal olunan səsvermənin, ən tezi, ilin axırına tamamlanacağını deyir. Bu isə 2015-ci ilin itirilməsi deməkdir. Nail Olpaka gör, təkrar seçkinin də eyni nəticə doğuracağını nəzərə alanda bir də 2016-cı ilin itirilməsi ehtimalı var. Bu isə Türkiyəni iqtisadi böhranlara, iqtidarsızlığa apara bilər.

Odur ki, partiyaların dərhal bir araya gəlib yeni hökumət formalaşdırmasının vacibliyinə inanan MüSİAD başqanı koalisiya ehtimalları arasında AKP- MHP ikilisinin ən asan qurula biləcək ittifaq olduğunu dilə gətirib. AKP-CHP ittifaqının isə qurulması baxımından ən çətin koalisiya olduğunu bildirən Nail Olpak bununla belə bu ehtimalın baş tutacağı təqdirdə daha uzunömürlü və uğurlu nəticələr əldə ediləcəyinə inamını da gizlətməyib. İş adamı hətta AKP-HDP-nin də bir araya gəlməsini istisna etmir. Onun fikrincə, HDP artıq Türkiyə sisteminə ayaq uydurmuş siyasi qurumdur və onunla koalisiyaya getmək olar.

Maraqlıdır ki, AKP-MHP koalisiyasına daha isti münasibətinə baxmayaraq Nail Olpakın partiyalarla görüş istəyinə yalnız MHP-dən heç bir cavab gəlməyib. Digər partiyalarla, həmçinin ölkə prezidentiylə də görüşüb fikir mübadiləsi apardıqlarını deyən MüSİAD başqanı ümidlə MHP-dən gələcək müsbət cavabı gözləyir.

Qeyd edək ki, 1990-cı ildə qurulan MüSİAD AKP-yə yaxınlığı ilə seçilir və onun əsas iqtisadi təməllərindən biri hesab olunur.

Heydər Oğuz

Strateq.az