XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 14:36

Bərzani bizim İsa Qəmbəri “yamsılayır”

Bu gün Şimali İraq kürd muxtariyyətinin parlamentində əməlli-başlı insident baş verib. Verilən məlumata görə, parlamentin toplantısında Prezident seçkiləriylə bağlı qanun müzakirə olunurmuş. Müzakirələri boykot edən Kürd Demokrat Partiyasının (KDP) ciddi etirazlarından sonra Milli Məclisin sədri Yusif Məhəmməd müzakirələri bilinməyən müddətə təxirə salıb. Məlumatda o da qeyd olunur ki, toplantıda millət vəkilləriylə yanaşı, xarici ölkələrin Şimali İraqdakı səfirləri də iştirak edirmişlər.

Böyük narazılıqların və mübahisələrin yaşandığı toplantıda müzakirələrin dayandırılmasını tələb edən KDP-nin mövqeyi isə bizim Müsavat başqanı İsa Qəmbərin uzun illər əldə rəhbər tutduğu arqumentllə eyni olub. Hansı arqumentlə? Tələsməyin, məsələnin mahiyyətini anlamaq üçün gəlin, ona daha geniş çərçivədən baxaq.

Məlum olduğu kimi KDP indiki prezident Məsud Bərzaninin partiyasıdır. Bu ilin 19 avqustunda səlahiyyət müddəti başa çatan Bərzani isə prezident seçkilərinə getmək istəmir. Bu niyyətini isə özü yox, Kürdüstanın “Məzahir Pənahovu”nun diliylə səsləndirir.

Qeyd edək ki, kürd prezidenti bu yaxınlarda açıqlama verərək növbəti prezident seçkilərinin 20 avqustda keçiriləcəyini bildirmişdi. Konstitusiyaya görə də belə olmalıdır. Di gəl ki, onun bu qanuni məlumatının təkzibi də özünü çox gözlətməyib. Prezidentin ardından açıqlama verən MSK-nın sədri növbəti seçkinin keçirmək üçün xalqın hələ gözləməli olacağını deyib. Səbəb – büdcədə pulun yoxluğuymuş. Beləcə, prezident seçkilərinin nə zaman keçirilməsi məsələsi açıq qalıb.

Bu gün parlamant üzvləri də məsələyə aydınlıq gətirmək və seçki qanunvericiliyində olan əyər-əskiyi düzəltmək üçün toplanıblar. Amma onların bu niyyətinin baş tutmasına da yenə Bərzaninin partiyası imkan verməyib. KDP-nin fikrincə, bu məsələ ümumxalq məsələsi olduğuna görə, gərək, konsensusla həll oluna. Necə ola bilər ki, xalqın hansısa hissəsinin iradəsini ifadə edən hansısa bir millət vəkili layihə ilə razılaşmaya, amma səs çoxluğu ilə qanun qəbul edilə? Bu, heç milli iradəyə sığarmı? Bərzaninin millət vəkillərinə görə, sığmaz. Deməli, milli həmrəylik əldə olunana qədər Bərzani müəllim öz kreslosunda oturub həm də büdcəyə nə vaxtsa pul gəlməsini gözləməlidir.

Sizi deyə bilmərəm, mənə kürd millət vəkillərinin bu məntiqi lap İsa bəyin “toplantıya sığmarıq, müsavatçıların hamısı səs verə bilməz” deyib partiyasının qurultayını uzun illər təxirə salmasını xatırladır. Bərzani müəllim də bu yolla getsə, kürd xalqı hələ uzun illər öz liderlərinin İsa Qəmbəri “yamsılamasına” şahid olacaq…

Heydər Oğuz

Strateq.az