XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 08:36

Con Kerri və Cavad Zərif Vyanaya gəlir: Nüvə danışıqları sonuncu mərhələdə

zerif kerri.jpg

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müzakirələrini davam etdirmək üçün şənbə günü Vyanaya səfər edəcək.

Strateq.az İranın dövlət televiziyasına istinadən bildirir ki, İran XİN-in rəhbəri və ABŞ-ın dövlət katibi şənbə və ya bazar günü yekun nüvə anlaşması sənədi ilə bağlı müzakirələri Avstriyada davam etdirəcəklər.

İranın xarici işlər naziri Lüksemburqda Almaniya, Fransa və İngiltərə xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi ilə görüşüb, danışıqlar apardıqdan sonra, qarşıdan gələn bir neçə günün çox çətin olacağını bildirib: “Mən, bu müzakirələri yekunlaşdırmaq üçün neçə günə ehtiyacın olduğunu bilmirəm. Hamı irəliyə doğru hərəkət etmək üçün siyasi öhdəliyə malikdir. Reallıqları qəbul etmək və Lozanna bəyannaməsində qəbul olunmuş prinsiplər əsasında irəliyə doğru hərəkət etmək üçün siyasi iradə olarsa, o zaman müzakirələri təyin olunmuş zamanın başa çatmasına və ya bir neçə gün sonrasına kimi yekunlaşdırmaq mümkün olacaq”.

ABŞ Dövlət Departamenti də çərşənbə günü bildirdi ki, dövlət katibi Con Kerri İran ilə nüvə müzakirələrində iştirak etmək üçün cümə günü Vyanaya səfər edəcək. 5+1 qrupuna üzv digər ölkələrin xarici işlər nazirləri də Vyanaya gəlməlidirlər.

İran və 5+1 qrupu yekun anlaşmaya nail olmaq üçün 30 iyun tarixinə kimi vaxtları var. İran nüvə müzakirələrində yaxşı bir anlaşma ardınca olduğunu və zaman kimi bir məhdudiyyətinin də olmadığını bildirir.

X. SƏFƏROĞLU