XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 11:57

Üçəsrlik qisas:İngiltərənin imperial boğazı ispanların əlinə keçə bilər

 

cebel

“Brexit” referendumundan sonra Cəbəllütariq boğazını qorumaq xeyli çətinləşəcək”

Strateq.az xəbər verir ki, bu fikri İngiltərənin Xarici İşlər naziri  Filip Hammond bildirib.

Onun sözlərinə görə, ötən həftəki referendumdan sonra mürəkkəb vəziyyət yaranıb: “İngiltərə hökuməti həm Cəbəllütariqi əlində saxlamağa çalışmalı, həm də xalqın istəyi xaricində müstəqillik müzakirələrinə getməməlidir. Bu səbəbdən də Cəbəllütariq boğazında İngiltərənin maraqlarını qorumaq asan olmayacaq."

Maraqlıdır ki, Xarici İşlər naziri bu fikirlərini dilə gətirdiyi sırada İngiltərə Cəbəllütariq boğazındakı hərbi limanına öz dənizaltılarını göndərməyi qərara aldı. Bu isə Londonun Aralıq dənizində hərbi vəziyyətin onun əleyhinə nəzarətdən çıxmaq qorxusundan xəbər verir.

Əslində məlum referendumun ortaya çıxan nəticələrinin İngiltərəni bu qədər əndişələndirməsi səbəbsiz deyil. İngilis xalqının AB-dən ayrılma qərarı aydın olandan dərhal sonra İspaniya Xarici İşlər naziri Jose Manuel Garcia Margallo bu durumdan xeyli məmnun olduğunu gizlətməmiş və açıq şəkildə bildirmişdi:

 "Cəbəllütariqdə ispan bayrağının dalğalanmasını görmək üçün tələsirəm. Brexit, bizim üçün uzun müddətdir təsadüf etmədiyimiz yeni fürsətlər yaradıb."

İspaniyanın Xarici İşlər nazirinin Aralıq dənizinin ən strateji boğazı sayılan Cəbəllütariqi referendumdan sonra öz sərhədlərinə qatmaq arzusu da təsadüfən ortaya çıxmayıb. “Brexit” referendumunda İngiltərə xalqının 52%-i ayrılığa səs versə də, AB-də qalmağa ən meyllilərin başında cəbəllütariqlilər gəlirdilər. Bu ərazidə yaşayan 30 min vətəndaşın 92%-i AB-də qalmağa səs vermişdi. Sözsüz ki, mütləq çoxluğun bu iradəsi İspaniyanın öz tarixi ərazisi hesab etdiyi Cəbəllütariqə yenidən yiyələnməsinin önünü aça bilər.

İngiltərə ilə İspaniya arasında 300 ildən artıq mübahisələrə yol açan bu boğaz Aralıq dənizinin ən strateji nöqtələrindəndir. Uzunluğu 60, eni 44 km olan Cəbəllütariq boğazı Aralıq dənizini Atlantik okeanına bağlayan yeganə su hövzəsidir. Bu xüsusiyyətilə də əsası Böyük Britaniya imperatorluğu tərəfindən qoyulan, hazırda ABŞ tərəfindən davam etdirilən okeanlara nəzarət strategiyasının təməl hədəfləri arasında yer alan boğaz tarix boyu dünya hegemonluğunun açarı sayılıb və Süveyş kanalı açıldıqdan sonra öz əhəmiyyətini daha da artırıb.  Verilən məlumatlara görə, hər il bu boğazdan 10 mindən çox gəmi keçir və onların əhəmiyyətli qismi Böyük Britaniyanın bayrağı altında hərəkət edir.

İngiltərə ilə İspaniya arasında dəfələrlə hərbi münaqişələrə səbəb olan boğaz  1713-cü ildə bağlanmış Utrext Sülh müqaviləsi ilə İngiltərənin nəzarətinə verilib. Boğazın həm Avropa, həm Afrika sahillərinə ingilislər nəzarət edir. Buna baxmayaraq, ispanlar boğazı itirmələriylə heç bir zaman barışmayıblar. Hər dəfə İngiltərənin zəifləməsindən istifadə edib bu ərazini yenidən ələ keçirməyə çalışıblar.

Utrext müqaviləsindən sonra iki ölkə arasında yaşanmış ən ciddi münaqişə 1805-ci ildə Trafalqar müharibəsi zamanı yaşanıb. İngiltərəylə Trafalqar burnunda qarşılaşan ispan və fransız hərbi donanmaları bu döyüşdə ağır məğlubiyyətə uğrayıblar. Və bu məğlubiyyət həm İspaniyanın və Napoleon Fransasının taleyini həll edib, həm də İngiltərənin bir əsr öncə başlatdığı dünya dənizləri üzərində hegemonluğunu daha da möhkəmləndirib.

1950-ci illərdə Cəbəllütariq boğazındakı gərginlik yenidən böyüməyə başlamışdı.  Ötən əsrin ilk yarısında İspaniyada baş verən daxili müharibələrdən sonra 1939-cu ildə hakimiyyətə gələn və ölkəyə 36 il rəhbərlik edən general Fransisko Franko 1950-ci ildə Cəbəllütariqin İspaniyaya aid olduğunu bildirmiş və boğazın qapılarını İngiltərənin və dolayısyla dünyanın üzünə bağlamışdı. 13 il davam edən bu gərginlik diktatorun ölümündən sonra yenidən sakitləşmişdi.

Həmin dövrlərdə İspaniya Cəbəllütariqin kimin ərazisində qalmasını müyyənləşdirəcək referendum keçirilməsini qəbul etmişdi. Yerli əhali 1973-cü ildə keçirilən referenumda diktatura əhval-ruhiyyəsindən hələ xilas olmayan İspaniyadansa İngilətərə vətəndaşları olmağa üstünlük vermişdilər. Cəbəllütariqdə 2002-ci ildə keçirilən növbəti referendumdan da eyni nəticə çıxmışdı.

Görünür, ispan siyasiləri “Brexit” referendumunun AB-dən ayrılmağa səs verən ingilis xalqının bu qərarının yaratdığı vəziyyətdən ispanlar növbəti dəfə yararlanmaq istəyirlər. İngiltərənin isə bu boğaza öz dənizaltı gəmilərini göndərməsi yaşana biləcək xoşagəlməz vəziyyətə laqeyd qalmayacağından xəbər verir. Fəqət yenidən referendum məsələsinin gündəliyə gələcəyindən ehtiyatlanan İngiltərənin bu hərbi avantajının önəmi qalmaya bilər. Ölkənin baş nazirinin bəhs etdiyi çətinlik də, yəqin ki, bununla bağlıdır.

Heydər Oğuz

Strateq.az