XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 05:47

Türkiyədə AKP-siz koalisiya mümkün olmayacaq

Türkiyədə AKP-siz koalisiya mümkün olmayacaq

Türkiyədə 7 iyun seçkisinin qalibləri parlamentdə and içərək millət vəkili oldular və koalisiya hökumətinin qurulması üçün partiya liderləri gələn həftədən bir-birlərinin qapısını döyməyə başlayacaqlar. ANS PRESS-in məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın gələn həftə ən çox səs toplamış partiyanın – AKP-nin sədri Əhməd Davudoğluna hökuməti qurmaq vəzifəsi verməsi ilə bu prosesə start veriləcək. Hazırda isə bütün siyasi partiyalar rəsmi koalisiya görüşləri öncəsində mümkün variantları müzakirə etməyə başlayıblar.

Parlamentə daxil olan partiyaların nümayəndələri heç bir şəkildə Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya fikirlərinə müsbət baxmadıqlarını açıqlasalar da, bir müddət sonra bunun mümkün olacağına dair bəyanatlar verilməyə başladı. Daha əvvəl Cümhuriyyət Xalq Partiyası (CHP) – Milliyətçi Hərəkat Partiyası (MHP) – Xalqın Demokratiya Partiyasının (HDP) quracağı koalisiya və ya HDP-nin dəstək verəcəyi CHP – MHP koalisiyası fikri ortaya atılsa da MHP ilə HDP-nin eyni tavan altında olmasının mümkünsüzlüyü səbəbindən bu fikir Ankara kulvarlarında məqbul görülmədi. Nəticədə məlum oldu ki, koalisiya hökumətinə gedən bütün yollar AKP ilə kəsişəcək.
Bundan sonra partiya sədrləri uzlaşma ehtimalını çoxaldacaq bəyanatlar verməyə başladılar. AKP sədri Əhməd Davudoğlu millət vəkilləri və partiya idarə heyətinin nümayəndələri ilə görüşüb və 81 vilayətdə seçicilər arasında aparılan rəy sorğularının nəticələrini müzakirə edib. Məlum olub ki, Mərkəzi Anadolu və Aralıq dənizi hövzəsindən seçilən millət vəkilləri MHP, Şərqi Anadoludan seçilən millət vəkilləri isə “sülh prosesi” həssasiyyəti ilə CHP ilə qurulacaq koalisiya hökumətinə meyllidir.
Partiya məclisinin qərarı ilə koalisiya görüşləri mövzusunda tam səlahiyyət sahibi olan CHP sədri Kamal Kılıçdaroğlu seçkidən sonrakı açıqlamalarının əksinə daha yumşaq bəyanatlar verməyə başlayıb. Kılıçdaroğlunun rəhbərliyində son vəziyyət partiya məclisində müzakirə olunub və məlum olub ki, CHP vaxtındən əvvəl seçki tərəfdarı deyil. CHP-nin müəyyən etdiyi 14 maddəlik prinsipdən bəziləri ilə AKP-nin razılaşması ilə AKP – CHP öz arasında razılığa gələ bilər.
HDP-nin olduğu bütün formullara mənfi yanaşan və bu cür bərabərliyə qapılarını bağlayan MHP-də də əqrəblər AKP-ni göstərir. Partiyadan rəsmi bir açıqlama olmasa da “Əvvəl ölkəm və millətim, sonra partiyam” deyən sədr Dövlət Baxçalıya yaxın rəhbərlik nümayəndələri ictimaiyyətə Davudoğlu ilə görüşəcəkləri mesajını veriblər.
“Əmanət səs”lə parlamentə daxil olan HDP isə bu səsləri itirəcəyi qorxusu ilə vaxtından əvvəl seçki keçirilməsinə qarşıdır. Görünüşə görə, HDP-nin qarşısında yeganə variant AKP-dir. AKP üçün isə HDP üçüncü sıradadır.
ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ötən gün jurnalistlərə verdiyi açıqlamada hökumət böhranı yaranacağı təqdirdə vaxtından əvvəl seçkiyə gediləcəyini deyib.
Qeyd edək ki, 550 üzvü olan Türkiyə parlamentində bir partiyanın tək başına hökumət qura bilməsi üçün ümumi sayının yarısından bir artıq (276) millət vəkilinə ehtiyacı var. İyunun 7-də keçirilən parlament seçkisindən sonra AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkli ilə parlamentə daxil olublar.