XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 13:19

Türkiyədə bütün hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib- Uçuşlar ən qısa zamanda qrafikə uyğunlaşacaq

İyunun 28-də Türkiyə vaxtı ilə saat 21.20-də İstanbulun Atatürk Hava Limanında törədilən qanlı terror aktı ilə əlaqədar ölkənin bütün hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Enişdən sonra terrorla bağlı təyyarələrdə gözləyən sərnişinlərin təxliyyəsi başa çatıb. O cümlədən, uçuş üçün təyyarələrdə gözləyən sərnişinlər də yola salınıb. Bundan başqa, terror səbəbindən enişi başqa hava limanlarına yönləndirilən təyyarələrdəki sərnişinlərin də mənzil başına çatması üçün tədbirlər görülüb. Hava limanı ümumilikdə 5 saat uçuşlara bağlı olub. Bu müddətdə 30 təyyarə ölkənin digər hava limanlarına eniş edib. Terrorla bağlı 360 reys təxirə salınıb. Onların bir qismi ləğv olunub. Terrordan 5 saat sonra Atatürk Hava Limanı bir-birinin ardınca 3 təyyarə qəbul edib.

Hazırda Türkiyənin hava nəqliyyatına aid xəbərləşmə sisteminin mobil versiyası ilə uçuş qrafikindəki dəyişikliklər barədə məlumat almaq mümkündür. Uçuşlar müəyyən gecikmələrlə həyata keçirilir. Rəsmi mənbələrdən bildirilir ki, uçuşlar ən qısa zamanda qrafikə uyğunlaşacaq.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC terror səbəbindən təxirə salınan uçuşlarını Bakı vaxtı ilə 8.45-də bərpa edib. Bu təyyarə Türkiyə vaxtı ilə saat 10.37-də Atatürk Hava Limanına problemsiz eniş edib. Rəsmi məlumata görə, terror zamanı AZAL-ın sərnişinləri təyyarədə olublar. Sərnişinlər və AZAL-ın əməkdaşları arasında zərər çəkən olmayıb.

Gecə saatlarında İstanbulun Atatürk Hava Limanına gələn Baş nazir Binəli Yıldırım və digər rəsmi şəxslər xəstəxanalardakı yaralılara baş çəkiblər. Baş nazir diqqətə çatdırıb ki, ilkin əlamətlərə görə, terror aktı İŞİD tərəfindən törədilib.

Ölkənin rəsmi dairələri bu terror aktını Türkiyənin sülh və mehriban münasibətlər siyasətinə qarşı törədilmiş aksiya kimi dəyərləndiriblər. Qeyd edək ki, Türkiyə tərəfi Rusiya, İsrail və Misirlə münasibətləri bərpa etmək üçün son günlər ciddi siyasi addımlar atıb.

Azərbaycan Prezidenti İlham Əliyev terror aktı ilə bağlı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Dünyanın bir sıra ölkələrindən, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən də bu terror aktını qətiyyətlə pisləyən bəyanatlar verilib.

Türkiyənin bütün KİV-lərinin əsas mövzusu bu terror aktıdır. Televiziya kanalları terrorun səbəb və məqsədi ilə bağlı terror mütəxəssislərinin fikir və mülahizələrini çatdırırlar. Çoxtirajlı qəzetlər bu mövzuda analitik yazılar dərc edib.

Ən son məlumata görə, terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər yaralanıb. Hazırda 15 yaralı xəstəxanalarda müalicə olunur. Terror qurbanlarından 25-nin şəxsiyyəti müəyyən olunub. Onlardan 18-nin cəsədi sahibinə verilib(azərtac).