XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 04:53

İran parlamenti nüvə qanunu qəbul etdi

 İran parlamenti nüvə qanunu qəbul etdi

İran və “Altılıq” ölkələri arasında yekun nüvə sazişinin imzalanması ilə bağlı son tarix iyunun 30-da bitir. Hələlik sazişin imzalanıb-imzalanmayacağı bəlli olmasa da, İran parlamenti artıq yeni nüvə qanunu qəbul edib.

İyunun 22-də İran parlamenti (İslam Şura Məclisi) İran Atom Haqlarını Qoruma Qanununu qəbul edib. 3 gün sonra isə qanun Konstitusiyanı Qoruma Şurası tərəfindən təsdiqlənib və bundan sonra sənəd qüvvəyə minib. Parlamentin böyük çoxluğu, yəni 213 deputat qanunu dəstəkləyib. Yalnız 10 nəfər əleyhinə çıxıb, 6 nəfər isə bitərəf qalıb.
Məlum olduğu kimi, bu qanun İranın nüvə siyasətini tənzimləyir. Bununla da əslində İslam Respublikası nüvə fəaliyyətlərini davam etdirəcəyini və geri çəkilməyəcəyini bəyan edir. Qanun layihəsində qeyd olunur ki, Milli mənafeyin qorunması və Nüvə Silahının Yayılmaması haqqında konvensiya çərçivəsində “Altılıq” ölkələri ilə olan müzakirələr yalnız aşağıdakı şərtlərə riayət ediləcəyi təqdirdə etibarlıdır: “1. Sanksiyaların hamısının aradan qaldırılması və bu məsələnin imzalanacaq anlaşmada gəlməsi və bu maddənin İranın öhdəliklərini yerinə gətirdiyi ilk gündən fəaliyyətdə olması; 2. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik mövcud anlaşmalara əsasən normal nəzarətlərini apara bilər, amma hərbi məkanlara, kəşfiyyat təşkilatlarına, faktlara və alimlərə nəzarət etmək haqları olmayacaq, bu sahədə Ali Milli Təhlükəsizlik Şurasının qərarları vazkeçilməzdir. 3. Atom, fiziki elmi, tədqiqatı və inkişafı istiqamətində tədqiqatlar üçün heç bir qadağa qoyulmayacaq və bu sahədə Ali Milli Təhlükəsizlik Şurasının qərarları vazkeçilməzdir.
Qeyd 1: Konstitusiyanın 77 və 125-ci maddələrinə əsasən, müzakirələr prosesinin necə irəlilədiyinə aid məlumat məclisə təqdim olunmalıdır.
Qeyd 2: Xarici işlər naziri 6 aydan bir anlaşmanın necə getməsi ilə bağlı parlamentə mükəmməl hesabat verməlidir və məclisin Milli təhlükəsizlik komissiyası isə millət vəkillərini hər 6 aydan biri bu sahədə məlumatlandırılmalıdır”.
Ancaq gözlənildiyi kimi, bu qanun İranda “mühafizəkarlar” və “islahatçı” hökumət arasında gərgin müzakirələrə və ittihamlara səbəb olub. Hazırkı hökumət qanunu tənqid edib və konstitusiyaya zidd olduğunu bəyan edib. Ancaq parlamentdə çoxluq təşkil edən mühafizəkar camiə sənədin parlamentdən keçməsinə və təsdiqlənməsinə nail olub. Mübahisələr parlamentdə qanunun müzakirələri zamanı da yaşanıb, ancaq parlamentdə çoxluğu əlində saxlayan mühafizəkarlar hökumətin müqavimətini qıraraq qanunun təsdiqlənməsinə nail olub.
Məlum olduğu kimi, İranda mühafizəkar qanad Həsən Ruhani hökumətinin Qərblə danışıqlara gedib nüvə sahəsində hüquqlarından imtina etməsinə qarşı çıxır. Təbii ki, mühafizəkarlar da İrana qarşı embarqoların ortadan qaldırılmasını istəyirlər, ancaq onlar bununla İranın mövqeyinin zəifləyəcəyini, eləcə də müsəlman dünyasında, həmçinin, anti-Qərb blokunda etibarını itirəcəyini iddia edirlər. İslahatçı Həsən Ruhani isə prezident seçkilərində məhz nüvə məsələsi ilə bağlı Qərblə yaranmış anlaşılmazlığı aradan qaldıracağı, İrana qarşı embarqoları qaldıracağı vədini irəli sürüb.
Artıq Həsən Ruhani seçki vədinin bir qismini reallaşdıra bilib, İrana qarşı sanksiyaların müəyyən qismi götürülüb, dondurulmuş pullar geri qaytarılıb. Lakin daha ciddi versiya bundan ibarətdir ki, əslində nüvə məsələsi ilə bağlı yaranmış gərginliyin alt qatında İran daxili siyasətindəki vəziyyət dayanır. Gələn ilin əvvəli bu ölkədə parlament seçkiləri keçiriləcək. Təbii ki, hər iki tərəf parlamentdə çoxluğu ələ keçirməyə çalışacaq. Nüvə məsələsi H.Ruhaninin və ümumilikdə islahatçıların mövqelərini möhkəmlətdiyi üçün qarşı tərəfin bu mövzuda əks arqumentlər gətirməsi anlaşılandır. (musavat.com)