Avstriyada təkrar prezident seçkiləri oktyabrın 2-də keçiriləcək.
Konstitusiya Məhkəməsi mayın 22-də ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini ləğv etdikdən sonra, koalisiyalı hökumət parlamentə təkrar seçkilər üçün oktyabrın 2-ni təklif edib. İkinci turda olduğu kimi, təkrar seçkidə də mübarizə Yaşıllar Partiyasının keçmiş rəhbəri, müstəqil namizəd Aleksandr Van der Bellen və Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer arasında olacaqdır.
Ölkə Prezidenti Haynts Fişerin səlahiyyət müddəti başa çatdığına görə, parlamentin sədarəti təkrar seçkilərədək prezidentin səlahiyyətlərini icra edəcəkdir.
Sağçı-radikal Avstriya Azadlıq Partiyasının rəhbərliyi səsvermədə yenə qanunsuzluq aşkarlanacağı təqdirdə təkrar seçkilərin nəticələrinin ləğv olunması üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Qeyd edək ki, prezident seçkilərinin mayın 22-də keçirilən ikinci turunun nəticələri sayılarkən 70 mindən artıq seçicinin səsi düzgün hesablanmayıb. Məktubla səs verən seçicilərin səslərinin qanunsuz olaraq vaxtından əvvəl hesablanması və bir sıra seçki məntəqələrində səslərin qeyri-düzgün qeydə alınmasını əldə əsas tutan Avstriya Azadlıq Partiyası Konstitusiya Məhkəməsinə müraciət edərək, seçkinin nəticələrinin bütün ölkə üzrə ləğv olunmasına nail ola bilib. Konstitusiya Məhkəməsi öz qərarında heç bir tərəfin qalib və ya məğlub olmadığını, bu qərarın daha çox cəmiyyətdə hüquqi dövlət və bununla da ölkədəki demokratiyaya etimadın gücləndiriməsi məqsədi daşıdığını bəyan edib.