İranla “altılıq” arasında keçirilən nüvə danışıqlarının növbəti mərhələsi dünən başladı. Verilən məlumata görə, tərəflər yenə bir-biriylə razılığa gəlməyiblər. İranın xarici işlər naziri Cavad Zərif Vyanadan Tehrana qayıdıb. Nazirin öz ölkəsinin yetkililəriylə məsləhətləşmək üçün bu addımı atdığı bildirilir. Cavad Zərif mövqelərini aydınlaşdırdıqdan sonra iyulun 7-də Vyanaya qayıdacaq və müzakirələr yenidən başlayacaq.
Müzakirələrin bir həftə təxirə salınmasına səbəb ABŞ-ın yeni tələbləri olub. Super gücün dövlət katibi Con Kerri beynəlxalq müşahidəçilərin xəbər vermədən İranın istəhilən hərbi obyektinə girə bilməsi və Tehranın da buna şərait yaratmasını istəyib. İlkin razılıqda belə bir şərtin olmadığını əsas gətirən İranın baş diplomatı isə yeni tələblə razılaşmayıb. C. Zərif həmçinin bir an öncə İrana qarşı embarqoların ləğvini tələb edib.
Heydər Oğuz
Strateq.az