XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 09:54

Madlen Olbrayt Primakov haqda xatirələrini yazdı: “Onun üçün darıxacağam”

“Əvvəlki işim nəzərə alınsa, çox gözəl anlayırsınız ki, haqqınızda hər şeyi bilirəm”. ABŞ dövlət katibi kimi Moskvaya ilk səfərim zamanı Yevgeni Primakovun Xarici İşlər Nazirliyindəki kabinetinə girərkən ondan ilk eşitdiyim sözlər bunlar oldu. Sözsüz ki, o, DTK-nın varisi olan Rusiya xarici kəşfiyyat xidmətinin başçısı vəzifəsindəki işini nəzərdə tuturdu.

Onunla son dəfə bir neçə ay əvvəl telefonda danışdıq. Xəstə idi, lakin həyatla doluydu. Primakov dedi: “Mən narahatam, çünki Rusiya-Amerika münasibətləri artıq çoxdan bu cür pis deyildi”.

Onunla razılaşdım.

Bu iki söhbətin arasından keçən 18 il ərzində Moskva, Vaşinqton, Cenevrə, Brüssel, Nyu-York, Kuala-Lumpur və Manilada on dəfələrlə görüşdük. Ən yadda qalan görüşlərdən biri Sankt-Peterburqda oldu. Onda orada bəyaz gecələr var idi. O bu dəfə mənim üçün misilsiz Ermitaja özəl ekskursiya təşkil etdi.

Biz Yevgeni ilə soyuq müharibə başa çatandan sonra Birləşmiş Ştatlarla Rusiyanın yeni münasibətlərinin yaradılması üzərində iş apadığı maraqlı bir dövrdə həmkar idik. Yaxın Şərqə xeyli vaxt sərf edirdik. O bu sahə üzrə mütəxəssis idi. İraq və İranla nə etmək barədə söhbətlər aparırdıq. Dünyanın Əfqanıstan, çin və Quzey Koreya kimi problemlərindən də danışırdıq.

Aydındır ki, ən mürəkkəb müzakirələr Rusiya və yeni NATO münasibətləri haqda gedirdi. Klinton administrasiyasının məqsədi Baltikyanı daxil olmaqla Mərkəzi və Şərqi Avropa ölkələrini Quzey Atlantika alyansının tərkibinə qəbul etmək və eyni zamanda Rusiya tərədən mənfi reaksiyanın minimal həddə olması idi. Yevgeni əminliklə və təkidlə mənə deyirdi ki, Moskva NATO-nun genişlənməsinə heç vaxt razılaşmaz. Mən ona deyirdim ki, o, bunda Avropada sabitliyin təminatına yol görməlidir və Rusiyanın xeyrinədir.

Problem soyuq müharibənin bitməsi ilə Avropa təhlükəsizliyinə bizim və Rusiyanın yanaşmalarındakı fikir ayrılıqlarını aradan götürməkdən ibarət idi. Bu məqsədlə Rusiya-NATO xartiyasını hazırlamaqla xeyli saat bir yerdə olduq. Xartiya Avropa təhlükəsizliyi mövzusunda müzakirələrdə Rusiyaya veto deyil, səs hüququ verirdi.

Bu müzakirələrin əksəriyyəti tərcüməçilərimizin iştirak etdiyi rəsmi görüşlərdə aparılır, lakin biz şam edərkən tərcüməsiz ötüşürdük. Yevgeni rusca, mən isə ingiliscə danışırdım. Bu şam yeməkləri mənim və onun evində, həmçinin sevdiyimiz restoranlarda baş tuturdu.

Bir hadisəni xatırlayıram: onu evimizə dəvət etmək istəyirdim, amma alınmadı, çünki qarışqalar yemək otağımın döşəməsni korlamışdı. Bu dəfə dövlət katibinin müavini Stroub Telbott bizi evinə dəvət etdi. Söhbət səmimi və canlı alındı. Bir-birimizlə birbaşa danışıqlar apararkən əldə etdiyimiz qarşılıqlı anlaşmanı heçə çıxardan məmur aparatlarımızın tendensiyalarından söz açdıq – onları qarışqalar adlandırdıq.

Vaxt keçdikcə Rusiya-NATO xartiyasının Təməl aktı üzrə razılığa gələ bildik. Lakin NATO-da danışıqlar masasının arxasına əyləşdiyimiz ilk andaca məlum oldu: biz hansı sənədi imzalasaq da, bu son dərəcə önəmli sazişə müxtəlif cür baxacağıq.

Həmçinin Bosniya və Kosovo üzrə aramızda olduqca kəskin fikir ayrılığı var idi və bu məsələ ilə hətta o, baş nazir olarkən də məşğul olurduq. Kosovoya hərbi müdaxilə qərarı qəbul edilərkən Primakov Vaşinqtona uçurdu. Vitse-prezident El Qor onu telefonda məlumatlandırdı və Primakov o qədər hirsləndi ki, təyyarəni döndərib Moskvaya qayıtmaq əmri verdi.

Əksər hallarda xarici işlər nazirlərindən elə şeylər xahiş edirlər ki, onların xidməti öhdəliklərinə daxil deyil. Biz AESAN bölgə forumunda komik səhnəni ifa etdik. 1997-ci ildəki ilk görüşdə Primakov da iştirak edirdi, lakin oxumadı. Növbəti il bizə qoşulması və duet oxumaq üçün onu dilə tutdum. çətin Balkan və İraq problemlərinin müzakirəsindəki fasilələrdə “Vestsayd macərası”nın özəl versiyasını düşünüb tapdıq. Adını “Şərq-Qərb macərası” qoyduq. Sözlərini bir yerdə yazdıq və xeyli araq içdik. çıxış vaxtı çatanda səhnəyə çıxdım və oxudum: “Yevgeni, Yevgeni, Yevgeni, eşitdiyim ən gözəl səslər sənin adındakı səslərdir”. O isə cavabında qabarıq rus ləhcəsində oxudu: “Bir qızla rastlaşdım, adı Madlen Olbraytdır”.

Əsil hit alındı.

Yevgeni ilə ilk dəfə 1997-ci ildə görüşərkən dedim: “Mənə məlumdur ki, Siz Rusiya maraqlarının qızğın müdafiəçisisiniz. Başa düşməlisiniz ki, Amerika maraqlarını heç də sizdən az müdafiə etməyəcəyəm. Əgər bunu qəbul etsək, onda dil taparıq”.

Və biz dil tapdıq.

Yevgeni Primakov həmişə Rusiya maraqlarının mətin müdafiəçisi idi. O, öz ölkəsini sevirdi. Lakin praqmatik idi. O, Rusiya-Amerika münasibətlərindəki çətin məsələlərin həllinin gərəkliyinə inanırdı. Mən o dövr üçün darıxıram. Mən onun üçün darıxacağam.

“Foreign Policy” (ABŞ), 01.07.2015