Rusiyanın Baş prokurorluğu Pribaltika respublikalarının müstəqilliyini şübhə altına alan qərara imza atıb. Prokurorluğun qərarına əsasən, 1991-ci ildə Litva, Latviya və Estoniyanın müstəqilliyini tanıyan SSRİ Dövlət Şurasının legitimliyi şübhəlidir və bu hüquqi cəhətdən araşdırılmalıdır.
Rusiya hüquq sisteminin bu məsələni gündəmə gətirməsi Pribaltika ölkələrində ciddi reaksiya ilə qarşılanıb. Baş prokurorluğun araşdırma qərarını öz suverenliklərinə yönəlmiş təhdid kimi qəbul edən Litva prezidenti Dalya Qribauskayte bildirib: “Litva xalqı müstəqilliyini öz qanı bahasına qazanıb. Kimsə müstəqilliyimizə dil uzada bilməz. Biz gələcəyimizə yalnız özümüz qərar verəcəyik”.
Qeyd edək ki, Rusiya-ABŞ gərginliyinin əsas hədəflərindən biri də Pribaltika ölkələridir. Bu ölkələrdə NATO-nun hərbi bazalarını yaratmaq və raketdənmüdafiə sistemi qurmaq istəyən ABŞ-ın təşəbbüsü Rusiya tərəfindən sərt reaksiya ilə qarşılanır. Hətta zaman-zaman bu ölkələrin hava məkanlarında peyda olan ABŞ hərbi təyyarələrinin rus qırıcıları tərəfindən sıxışdırıldığı halları müşahidə olunur.
Bütün bu hadisələr Pribaltika ölkələrini qorxudur və onlar öz təhlükəsizliklərinin təminat altına alınması üçün NATO-nu öz sərhədlərində daimi şəkildə əsgər saxlamağa çağırırlar.
Rusiya Baş Prokurorluğunun məhz bu şəraitdə verdiyi qərar istər-istəməz növbəti işğalın “hüquqi zəmini hazırlanır” ehtimalını ağla gətirir.
Heydər Oğuz
Strateq.az