XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2015 - 04:56

“Wikileaks” qurucusunun Fransaya sığınmaq istəyi baş tutmadı – Assanj həyatına təhlükə olduğunu deyir

2010-cu ildən ABŞ-ın diplomatik sənədlərini mətbuata sızdıraraq dünyanın gündəmini zəbt edən “WikiLeaks” saytının qurucusu Culian Assanjın Fransadan siyasi sığınacaq istəyi rədd edilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Yelisey sarayından verilən açıqlamada Assanjın hüquqi vəziyyətinin araşdırıldığı və sığınacaq istəyinə müsbət cavab verilə bilməyəcəyi qeyd edilib.

Açıqlamada Assanj barəsində Avropada axtarış qərarının olduğu da bildirilib.

Xatırladaq ki, “WikiLeaks” saytının qurucusu sığınacaq istəyi ilə Fransa prezidenti Fransua Ollandın adına açıq məktub yazıb. Məktub iyulun 3-də – Assanjın doğum günündə Fransanın “Le Monde” nəşrində dərc edilib. “WikiLeaks”ın qurucusu iddia edib ki, Amerika hakimiyyəti onu jurnalist fəaliyyətinə görə təqib edir.

“Yalnız Fransa siyasi təqiblərə qarşı lazımi müdafiəmi təşkil edə bilər. Cənab prezident, həyatım təhlükədədir. Mən yalnız psixoloji deyil, həm də fiziki təhdid altındayam”,– Assanj qeyd edib.

Assanj məktubda ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) Fransa prezidentini dinlədiyini xatırladıb.
Qeyd edək ki, “Wikileaks”ın qurucusu 3 ildir Ekvadorun İngiltərədəki səfirliyində sığınacaq alıb. Assanj “Ərəb Baharı”nın “Wikileaks” saytının sayəsində baş verdiyini iddia edir.