Paytaxt Pekin də daxil olmaqla, Çinin şimal hissəsində dünəndən başlayan yağışlar iyulun 20-də daha da şiddətlənib. Çin Milli Meteorologiya Mərkəzi bununla əlaqədar daha əvvəl elan etdiyi “sarı” xəbərdarlığı bir mərhələ yüksəldərək “narıncı” xəbərdarlıq səviyyəsinə çatdırıb. Bu, Çində 4 səviyyəli xəbərdarlığın ən yuxarı ikinci səviyyəsidir.
Şiddətli yağışlar bəzi küçələrdə və xiyabanlarda gölməçələr yaradaraq nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə çətinlik törədib. Bundan başqa, dəmir yolu və hava nəqliyyatında gecikmələr yaranıb.
Çin Milli Meteorologiya Mərkəzinin məlumatında deyilir ki, şiddətli yağıntılar Pekin və Tiencin şəhərlərində, Xebey, Lyaonin, Cilin, Daxili Monqolustan, Şandun, Xınan, Cyansu, Xubey, Xunan və Yunnan vilayətlərində iyulun 21-də günortadan sonrayadək davam edəcək. Bəzi yerlərdə yağıntının miqdarı 240 millimetrə çatacaq. Mərkəz həmin ərazilərdə yaşayan sakinləri sel, daşqın, torpaq sürüşməsi, palçıq və qaya parçaları axını ehtimalı barədə xəbərdar edib. Dağlıq hissələrdə məskunlaşan əhalinin müvəqqəti olaraq daha təhlükəsiz yerlərə təxliyyə edilməsi tövsiyə olunub.
Xatırladaq ki, iyun ayından Çin ərazisində müşahidə olunan şiddətli yağışların yaratdığı fəsadlar nəticəsində xeyli ev və bina dağılıb, infrastruktura ciddi ziyan dəyib, yüzdən çox sakin ölüb. Maddi ziyan bir neçə milyard ABŞ dollarına bərabər olub(azərtac).