Ötən il dünyada ən çox kömür 1 milyard 920 milyon 400 min ton neft ekvivalenti ilə Çində istehlak edilib.
Azərtac xəbər verir ki, bu barədə BP-nin Dünya Enerji Statistikaları Hesabatında deyilir. Hesabata görə, keçən il dünyada ən çox istehlak edilən ikinci enerji növü 29,2 faiz ilə kömür olub. Dünyada kömür istehlakı keçən il 2014-cü ilə görə 1,8 faiz azalma ilə 3 milyard 839 milyon 900 min ton neft ekvivalentinə geriləyib.
Çin ötən il dünya kömür istehlakının təxminən 50 faizini reallaşdıraraq kömürü ən çox istifadə edən ölkə olub. Ölkədə kömür istehlakı keçən il 2014-cü illə müqayisədə 1,5 faiz azalaraq 1 milyard 920 milyon 400 min ton neft ekvivalentinə düşüb.
Çindən sonra qlobal kömür istehlakına görə ikinci ölkə 407 milyon 200 min ton neft ekvivalenti istehlakı ilə Hindistan olub. Dünyada ən çox kömür istehlak edən üçüncü ölkə isə ABŞ olub. Bu ölkədə keçən il kömür istifadəsi əvvəlki ilə görə 12,7 faiz azalaraq 396 milyon 300 min ton neft ekvivalentinə geriləyib.
Dünyanın ən böyük neft və təbii qaz istehsalçısı mövqeyində qərarlaşan Türkmənistan, Küveyt, Qətər, Trinidad və Tobaqo ilə Ekvadorda keçən il kömürdən istifadə edilməyib.