XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2015 - 11:19

İtaliya kürdlərin bölgəsində konsulluq açır – Bərzani qərardan məmnundur

İtaliya hökuməti İraqın kürd bölgəsində konsulluq açacaq.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsulluğun Kürdüstan bölgəsinin mərkəzi sayılan Ərbil şəhərində açılması planlaşdırılır. Bu barədə müzakirələr bölgənin lideri Məsud Bərzani ilə İtaliyanın Bağdaddakı səfiri Marko Karnelos arasında keçirilən görüşdə aparılıb.

Karneolos Bərzaniyə bildirib ki, ölkəsi Ərbildəki təmsilçilik ofisini konsulluqla əvəzləyəcək. Səfir İtaliyanın Kürdüstan bölgəsinə hərbi və humanitar yardımları davam etdirəcəyini də açıqlayıb.

Bərzani isə konsulluqla bağlı qərardan məmnun qaldığını, İtaliyanın rəhbərlik etdiyi bölgəyə mütəmadi olaraq dəstək verdiyini bildirib: «İtaliya hökumətinə və xalqına təşəkkür edirik. Tərəflər arasında iqtisadi və siyasi münasibətlərin inkişafının tərəfdarıyıq. Ərbildə konsulluğun açılması sevindirici xəbərdir. Bunun üçün lazımi dəstəyi verməyə hazırıq».

Xatırladaq ki, bir müddət əvvəl Məsud Bərzani müstəqil Kürdüstanın reallaşacağı tarixi açıqlamışdı. Bərzani bildirmişdi ki, avqust ayında keçiriləcək seçkidə yenidən hazırkı vəzifəsinə seçilərsə, iki il ərzində Kürdüstan dövləti müstəqilliyini elan edəcək.

Bərzani 2005-ci ildə xalq tərəfindən, 2009-cu ildə isə millət vəkillərinin səsi ilə İraqın kürd bölgəsinin rəhbəri seçilib. 2013-cü ildə vəzifə müddəti başa çatsa da, bölgənin parlamenti bu tarixi 2015-ci ilin avqustuna qədər uzadıb.

Onu da qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Co Bayden Məsud Bərzani ilə bu yaxınlarda Vaşinqtonda keçirdiyi görüşdə sensassion açıqlama vermişdi. Bayden Bərzaniyə «Kürd dövlətini görməyə ikimizin də ömrü çatacaq», – deyərək məlum tarixin heç də uzaq olmadığına işarə vermişdi.