Türkiyə ordusunun Baş qərargahının verdiyi məlumata görə, ölkənin Osmaniyə və Diyərbəkir vilayətlərində PKK üzvləri əsgərlərə atəş açıblar. Cavab atəşindən sonra terrorçular aradan çıxmağı bacarıb.
Hücum nəticəsində tərəflərdən heç biri itki verməsə də, hadisə narahatlıq yaradır. Zira uzun müddətdir, Türkiyə terror hadisələrinə səhnə olmur, vətəndaşların rahatlığı pozulmurdu. Baş verən son hadisələr isə ölkədə yenidən gərginliklərin artacağı ehtimalından xəbər verir.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl qardaş ölkənin müxtəlif xəbər portallarında PKK-nin öz tərəfdarlarına aktivliyi artırmaq təlimatı verdiyi bildirilmişdi. Təlimata görə, separatçı ünsürlər harda türk əsgəri görsələr, atəş açmalı, gərginliyi artırmalı idilər.
Təlimatda həmçinin sivil insanların gücündən istifadə edilməsi də nəzərdə tutulurdu. Bildirilirdi ki, əsasən Suriya sərhədlərinə yaxın kəndlərdə yaşayan sakinlərin qonşu ölkəyə keçməyə cəhdi təşkilatlandırılmalı, türk əsgərləri buna icazə vermədikdə aksiya iştirakçıları onlara daş-kəssək atmalı, oturaq siyasi aksiyalar keçirməlidirlər.
Sivil aksiyaların effektli alınması üçün nümayişçilərə o da tapşırılmışdır ki, HDP-dən seçilmiş millət vəkillərini öz tədbirlərinə dəvət etsinlər və onların köməkliyi ilə sərhədi pozmağa çalışsınlar.
ümumiyyətlə, PKK HDP-nin bir partiya olaraq TBMM-sinə seçilməsini kürd separatizminin önəmli qələbələrindən hesab edir və deputatların toxunulmazlıq hüququndan maksimum şəkildə faydalanmağa çalışır. Hətta bu tələblər bəzən o qədər güclü olur ki, HDP yetkililərinin sərt reaksiyasına yol açır. Bu yaxınlarda HDP sədri Səlahəddin Dəmirtaş PKK liderlərinə ünvanlanmış müraciətində öz faəliyyətlərində dinc mübarizə üsulu seçənləri nəzərə almağa, problemin siyasi yolla həllinə kölgə düşürməməyə çağırmışdı.
Səlahəddin Dəmirtaşın bu çağırışına rəğmən, bu gün Türkiyənin iki müxtəlif şəhərində baş verən hadisələr PKK-nın fəallaşma qərarından vaz keçmədiyini göstərir. Bu fəallaşmada Türkiyə ordusunun kürd separatizminin qarşısını almaq məqsədilə Suriyaya girməyi planlaşdırmasının da önəmli rol oynadığı təxmin olunur. Güman edilir ki, xəyali “Kürdüstan” dövləti qurmaq istəyən separatçılar öz fəaliyyətlərini məhdudlaşdırmağa hesablanmış bu siyasətin qarşısını almaq üçün həm Suriyada, həm də Türkiyənin sərhədləri daxilində müqavimət göstərməyə qərar veriblər. Bir müddət əvvəl PKK-nin faktiki lideri Murad Qarayılanın eyni səpkili bəyanatı da belə düşünməyə əsas verir.
Heydər Oğuz