İranın xarici işlər naziri və ABŞ-ın dövlət katibi altılıq qrupunun xarici işlər nazirlərinin daxili iclasından sonra bir-biri ilə görüşüblər.
IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ-ın dövlət katibi Con Kerri bu günkü görüşdə fikir ayrılıqlarının azaldılması və əhatəli nüvə razılaşmasına nail olma barədə danışıblar.
Bu görüşdən bir neçə saat öncə İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və Amerikanın energetika naziri Ernest Moniz texniki sahədə ixtilafın həlli üçün müzakirəyə başlayıblar. Əli Əkbər Salehinin sözlərinə görə, bu gün texniki müzakirələr başa çatır.
Amerikanın energetika naziri Ernest Moniz də deyib: “Əgər mümkün olsa, yekun məsələləri həll etmək istəyirik”.
çərşənbə günü müzakirələri gecə yarısınadək davam etmiş İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançı və Avropa Birliyinin xarici siyasət üzrə koordinatorunun müavini Helqa Şmidt bu gün səhər danışıqları davam etdiriblər.
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Rza Nəcəfi də İran xarici işlər nazirinin müavinləri və Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru müavini ilə keçirilən danışıqlarda iştirak edir.