“Gəlin, dostcasına boşanaq!”
Bu sözlər Kürdüstan Demokrat Partiyasının Xarici İşlər üzrə yetkilisi Həmid Havramiyə aiddir. O, bunu həyat yoldaşına yox, İraq dövlətinə deyib. Kürd siyasətçinin fikrincə, onsuz da, yaxın vaxtlarda referendum keçiriləcək və bölgə insanı, böyük ehtimalla, bu qərarı qəbul edəcək.
Şimali İraq kürd mutariyyatına bağlı Rudaw.net portalının verdiyi məlumata görə, Vaşinqtonda ABŞ-ın Yaxın Şərq İnstitutunun keçirdiyi seminarda iştirak edən Həmid Havrami “boşanma” təklifini öz çıxışı zamanı səsləndirib. Sözcü irəli sürdüyü “talaq” təklifinin motivini isə sünnülərlə kürdlərin bir zamanlar bağladığı əhdə indi şiə idarəçiliyinin önəm verməməsiylə əlaqələndirib.
Qeyd edək ki, kürd mustariyyatlığı ilə rəsmi Bağdad arasında bir sıra məsələlərdə ciddi fikir ixtilafları yaşanır. ABŞ-ın ölkəyə göndərdiyi silahları müxtəlif bəhanələrlə şimali hakimiyyətə vermək istəməyən Bağdad büdcə xərclərinin bölünməsində də kürdləri narazı salan mövqe tutur. Kürd yetkililər öz təbii sərvətlərindən daha artıq pay istəsələr də, mərkəzi hakimiyyət bunu qulaq ardına vurur. Məhz buna görə də Şimali İraqda iqtisadi böhran hökm sürür. Pul çatışmazlığını əsas gətirən Barzani hökuməti regional prezident seçkilərini belə təxirə salıb.
Ərbilin narazı qaldığı digər məsələ öz torpaqlarında çıxarılan neft istehsalı müəssisələrində kürdlərə olduqca az yer ayrılmasıdır. Məlumata görə, neftçilərin sadəcə 5-6 faizi yerli əhalidəndir.
Bütün ayrıseçkilik siyasəti isə istər-istəməz şimalla mərkəz arasındakı ziddiyyəti daha da artırır və bu cür “dostcasına boşanma” təkliflərinin ortaya çıxmasına yol açır.
Maraqlıdır ki, ərəblərin kürd yetkiliyə verdiyi cavab da məişət səviyyəsində olub. İraq parlamentinin üzvü, millət vəkili Hənan Fətləvi öz sosial media səhifəsində kürdlərin “boşanma” qərarını ilk bayram edənin özü olacağını bildirib və əlavə edib: “Bu boşanmanın geriyə qayıdışı olmaz və nəfəqə də vermərik”.
Ərəb millət vəkilindən fərqli olaraq rəsmi Bağdad “boşanma” təklifinə o qədər də isti baxmır. İraq baş naziri Heydər Abadinin sözcüsü Səad Hadisi bir müddət öncə Ərbil-Bağdad arasında yaranan ixtilaflarla bağlı açıqlamasında “bu cür məsələlər təktərəfli həll olunmaz” deyərək, problemləri müzakirələrlə yoluna qoymağı təklifi etmişdi.
Rəsmi Bağdadın təmkinli mövqeyinə baxmayaraq, ABŞ-ın son zamanlar Yaxın Şərqdə yürütdüyü siyasətin daha çox “boşanma”yla nəticələnəcəyi güman olunur.
Heydər Oğuz
Strateq.az