Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar indiyədək 18 min 756 şəxs nəzarətə götürülüb. Həmin şəxslərdən 10 min 192-si həbs edilib.
Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım media nümayəndələri ilə görüşdə deyib.
Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə əlaqədar kifayət qədər sübutların olduğunu deyən Baş nazir bundan sonra atılacaq addımlardan danışıb. Qeyd edib ki, hərbi xidmət müddətinin və hərbçilərin sayının azaldılması, kəşfiyyat sisteminin təkmilləşdirilməsi və s. məsələlər nəzərdə tutulur.
Qeyd edək ki, Baş nazir Binəli Yıldırımın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında dövlət çevrilişi cəhdindən sonra ölkədəki vəziyyət müzakirə olunub.