Türkiyə: MHP öz millət vəkili Yusuf Halaçoğlunu cəzalandırıb. O, patiyanın parlamentdəki vəzifəsindən-qrupun sədr müavinliyindən uzaqlaşdırılıb. Bunu mətbuata açıqlamasında MHP yetkilisi Səmih Yalçın bildirib.
Əsasən erməni və kürd məsələlərini araşdıran, yeni dövr tarixi üzrə ixtiaslaşmış alim-deputatın cəzalandırılmasının səbəbi CHP haqqında dediyi fikirlər olub.
Bir müddət əvvəl MHP-nin parlament sədri seçkilərində Dəniz Baykala səs verməməsinin səbəblərinə aydınlıq gətirən Y. Halaçoğlu demişdi: “Biz Dəniz Baykala səs versəydik, AKP-çilərin qınağı altında qalacaqdıq. Onlar dinsiz bir partiyanın namizədinə səs verdiniz, deyib bizi gözdən salacaqdılar”.
Həmin sözləriylə CHP-nin tənqid hədəfinə çevrilən deputat “bu, mənim fikrim deyil. Mən AKP-nin məntiqini ifadə etmişdim. CHP qınamaq istəyirsə, buyursun, AKP-ni qınasın” arqumentiylə özünü müdafiə etmişdi. Onun bu fikirləri hətta öz partiyası tərəfindən belə inandırıcı qəbul edilməmişdi. Partiya sədri Dövlət Baxçalı partiyadaşını “ağzından çıxan sözün haraya getdiyini bilməyən” adam kimi xarakterizə etmişdi.
Strateq.az