XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

10 Avqust 2016 - 23:43

Əhmədinejadın üçüncü cəhdi –İranda seçkiqabağı proses

ehmedinejad  

İranın daxili işlər naziri Əbdürriza Rəhmanifəzli sabiq prezident Mahmud Əhmədinejada icazəsiz seçki təbliğatı aparma ilə bağlı xəbərdarlıq edib.

Bu, M.Əhmədinejadın ölkənin müxtəlif şəhərlərində keçirdiyi mitinqlərəbənzər aksiyalarla əlaqədardır. DİN rəhbəri həmin aksiyaların qanuna zidd olduğunu bildirib.

Ə.Rəhmanifəzli bildirib: “Əhmədinejad qatıldığı bəzi tədbir və mərasimlərin mitinq niyyəti olmadığını söyləsə də, ona lazımi xəbərdarlığı etdik. Bu yığıncaqlar qanuni əsasla təşkil edilməlidir, yəni icazəli olmalıdır”.

Nazir xatırladıb ki, seçkilər üçün təbliğat müddətinin dövlət təyin edir və bu müddət məhduddur. Üstəlik, təbliğat kampaniyası müddətini Daxili İşlər Nazirliyi və Konstitusiyanın Mühafizəçiləri Şurası elan edir.

Bildirilir ki, Ə.Rəhmanifəzlinin açıqlaması əslində əsaslıdır. Belə ki, İranda 4 ildə bir keçirilən prezident seçkiləri gələn il mayın 19-da baş tutmalıdır. Lakin sabiq prezident indidən dövlət başçısı kürsüsünə iddiasını ortaya qoyub və hər fürsətdə öz iddiasını xatırladır. İki dönəm prezident vəzifəsində olmuş Mahmud Əhmədinejad 2013-cü ildə kürsüsünü Həsən Ruhaniyə təhvil verib.

Sərt siyasət tərəfdarı olan sələfindən fərqli olaraq, yeni prezident İranın beynəlxalq arenadakı simasını xeyli dəyişdirib. Belə ki, İranın nüvə proqramı ilə əlaqədar müzakirələr M.Əhmədinejadın dönəmində ağlagəlməz idi. “5+1” formatlı danışıqlara qədər rəsmi Tehranın xarici siyasətdə təcrid edilmiş və İran iqtisadiyyatına ciddi zərbə vurulmuşdu. Anti-Qərb və anti-İsrail ifadələri ilə tanınan Əhmədinejadın ikinci dəfə prezidentliyə seçilməsi isə ölkədə kütləvi etiraz nümayişlərinə səbəb olmuşdu. 2013-cü ildən etibarən M.Əhmədinejad siyasətlə vidalaşdığını və universitetdə təhsil-tədris işləri ilə məşğul olacağını bildirmişdi. Hətta vəzifədə olduğu dövrün son günlərində bu istiqamətdə müəyyən addımlar atmışdı. Mədəniyyət İnqilabı Ali Şurası M.Əhmədinejada Tehranda öz universitetini yaratmağa icazə vermişdi. Ancaq sabiq prezidentin universitet yaratma planı maliyyə çatışmazlığı ucbatından uğursuz oldu (Yeni İran rəhbərliyinin sabiq prezidentə maneə törətməsi ehtimalı da nəzərdən qaçırılmamalıdır).

Siyasətdən getdikdən sonra M.Əhmədinejadın İrandakı bir sıra siyasi şuralardakı üzvlüyünə də son qoyuldu. Lakin indilərdə sabiq prezidentin yenidən aktivləşməsinə dair soraqlar gəlməyə başlayıb. Əhmədinejad coşqulu tərəfdarları ilə tez-tez bir araya gəlir, nüvə proqramı ilə bağlı müqaviləni hədəf alır. O, Həsən Ruhaninin hökumətini sərt şəkildə tənqid edir, İslam Respublikasının səhv yolda olduğunu, inqilab prinsiplərinə xəyanət edildiyini və Ruhaninin ölkəni həqiqi yolundan sapdırdığını söyləyir.

Əhmədinejadın yenidən ictimaiyyətin qarşısına çıxması və çıxışları təsadüfi sayıla bilməz. Müşahidəçilər Əhmədinejadın yenidən prezidentliyə öz namizədliyini irəli sürəcəyi fikrindədir. Son parlament seçkilərində mühafizəkarların məğlubiyyəti də onları özlərinə namizəd axtarışına vadar edib. Buna görə də mühafizəkarların bir hissəsinin ümidi yenidən Əhmədinejad olduğu iddia olunur.

İranda indiki hökumətdən pərişan olanların da sayı da artır. Bir çox iranlılar sanksiyaların ləğv edilməsi ilə iqtisadiyyatda yaxşılaşma olacağı ümidi daşıyırdı. Laki bu ümid doğrulmadı.

İlk dəfə 2005-də seçilən, ikinci dəfə 2009-da Mir Möhsün Musəvi ilə ciddi rəqabətdə qalib gələn M.Əhmədinejad da, güman ki, ölkədəki bu pərişanlıqdan faydalanmaq istəyir. Əslində, iki dönəm prezidentlikdən sonra üçüncü dəfə iddianı ortaya qoyma cəhdi İranda yeni təzahür deyil. Bunu ilk sınayan Haşimi Rəfsəncani olub. O zaman o, məhz Əhmədinejada məğlub olmuş və səslərin düzgün hesablanmadığından şikayətlənmişdi. Bu səfər necə olacağı bəlli deyil. Sabiq prezidentin əleyhdarları da barmaqla sayılacaqdan çoxdur. Onlardan ən nüfuzlusu ali dini rəhbər Xamneidir. Belə ki, M.Əhmədinejad Ayətullah Misbah Yəzdinin yaxın çevrəsinə aid edilir.

Digər nüfuzlu siyasi rəqib parlamentin başçısı Əli Laricanidir.

"İki dönəmdə uğurlu olmayan bir şəxsin 2017-ci ildə prezident seçkilərinə qatılması iranlılar üçün cazibədar deyil”.

Bunu deyən Ə.Laricaninin özü də prezident seçkilərində namizədliyini irəli sürə bilər.

M.Rzasoy

Strateq.az