FİFA-dakı məlum korrupsiya qalmaqalından və qurumun yüksək vəzifəli rəsmilərinin həbsindən sonra ən çox narahatlıq keçirənlərdən biri Rusiya prezidenti Vladimir Putin oldu. Putini narahat edən 2018-ci ildə keçiriləcək dünya çempionatında Rusiyanın ev sahibliyi hüququnun itirilməsi ehtimalıdır. Qərb mətbuatı FİFA rəsmilərinin bir çox yarışlar və oyunlarla bağlı rüşvət aldığını yazarkən, Rusiya və Qətərin dünya çempionatına ev sahibi seçilməsini də şübhə altına almışdı. Həmin vaxt Putin açıqlama vermişdi ki, FİFA-dakı son həbslər Rusiyaya qarşı yönəlmiş məqsədyönlü addımdır. Məqsəd də ev sahibliyi hüququnu Rusiyanın əlindən almaqdır.
Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin bu məsələlərə aydınlıq gətirmək üçün FİFA prezidenti Zepp Blatterlə görüşmək niyyətindədir. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Blatterin Sankt-Peterburqa səfəri gözlənilir. Bu səfər baş tutarsa, Putin FİFA prezidenti ilə görüşəcək.
Qeyd edək ki, 2018-ci ildəki çempionat iyunun 14 və 15-də Rusiyanın 11 şəhərində – Moskva, Kalininqrad, Sankt-Peterburq, Volqoqrad, Kazan, Nijne Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburqda keçiriləcək.