XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2015 - 08:45

Şərq dünyası, yoxsa şər dünyası – Təhlil

Şərq (ərəb) təfəkkürü uçuruma aparır

Son illərin olayları göstərdi ki, Şərq ölkələrində keçirilən seçkilərdə prezidentlər 90 fazidən artıq səslə “seçilsə” də, əslində, xalqla iqtidar arasında nəhəng uçurum varmış. Bunu ölkəyə kənar müdaxilələr başlayan kimi hər şeyin sabun köpüyü olduğunun üzə çıxması bəlli etdi.

Şərq dünyasında uzun illərdən bəri davam edən gərginlik Tunisdə kuliminasiya zirvəsinə və partlayış nöqtəsinə yüksəldi.

2010-cu ilin noyabrında, ali təhsil almasına baxmayaraq, Tunisdə göyərti satmağa məcbur olan vətəndaşın özünü yandırması, on illərdi yüksələn gərginliyin partlayış nöqtəsi sayılmaqla bərabər, “Ərəb baharı”nın başlanğıcı oldu. Bundan az sonra, 2011-ci ilin yanvarında 20 ildən artıq ölkəyə rəhbərlik edən Zeynəlabdin bin Əli postunu atıb qaçdı. Dərhal hər şeyin yaxşı olması deyil, sadəcə, despotizmin dondurduğu gərginlik şəraitinin mövcud olması məlum oldu. Kataklizmlərin donu açılır və yanlış idarəetmənin acı sonucları üzə çıxır. Ardınca ərəb ölkələrini etiraz dalğası bürüyür. Sonucda Şərq dünyası şərin hökm sürdüyü amansız savaş alanına, hər yer qan gölünə çevrilir. Əlbəttə, bu torpaqların cəhənnəmə çevirilməsində imperialist güclərin rolu danılmazdır. Görünən budur ki, onsuz da geridə qalan ölkələrə, yüzillərlə düzəldilməsi mümkün olmayan zərbələr dəydi və dəyməkdədir.

Suriya

Bir neçə onillikdən bəri Əsəd rejimində yaşamaq zorunda olan Suriya xalqı 2011-ci ilin mart ayında etiraz səsini qaldırmağa qərar verdi. Rejim etirazçılara qarşı sərt üsullardan istifadə etməyə başladı. Doğma xalqına qarşı zülm prosesinin iştirakçısı olmaq istəməyən çox sayda hərbçi ordudan ayrıldı. Ordudan ayrılan hərbçilər həmin ilin iyul ayında “Azad Suriya Ordusu”nu yaratmış və Əsəd rejiminə qarşı mübarizəyə başlamışdılar. Sonralar Livana bağlı olan Hizbullah təşkilatı Əsəd rejiminə yardım məqsədi ilə Suriyaya daxil oldu. Eyni zamanda bu ərazilərdə silahlı kürd qüvvələri hərəkətə keçdi və bəzi bölgələri nəzarət altına aldı. Beləliklə, həmin zamandan Suriya bütövlükdə döyüş poliqonuna çevrildi.

Suriyada 2011-ci ilin martından başlayan qanlı olaylar sonucunda bu günə qədər 300 minə yaxın insanın öldürüldüyü deyilir.

Bu günlərdə Suriya ilə bağlı açıqlanan hesabata görə, son illərdə Suriyada qarşıdurmalarda öldürülən insanların 70 mini mülki şəxs, 11 mini azyaşlı uşaq, 8 minə yaxını isə qadındır.

İraq

2003-cü il martın 20-dən başlayaraq, İraq ABŞ-ın hücumlarına məruz qalmağa başladı.

21 mart 2003-cü ildə ABŞ və İngiltərə hərbi gücləri Küveyt ərazisindən İraq ərazisinə daxil oldu.

27 mart 2003-cü ildə İraqın Quzey ərazilərinə daxil oldu və həmin il, aprelin 9-da ABŞ silahlı qüvvələri Bağdada girdi. Beləcə İraqın bu gün də səngimək bilməyən qara günləri başladı.

2011-ci ilin dekabrında ABŞ-ın xarici işlər naziri Leon Panetta İraqda savaşların rəsmən bitdiyini elan etsə də, əslində, sadəcə olaraq, ABŞ ordusu İraqı tərk edədi. İraqda iç savaşlar bu gün də davam etməkdədir. İraqda bu gün də insanların həyatı hər gün baş verən terrorlardan sığortalanmayıb.

BMT-nin İraq təmsilçiliyinin bu yaxınlarda verdiyi hesabata görə, təkcə bu ilin iyun ayında İraq ərazisində iç savaşlar sonucunda ölənlərin sayı 1500 nəfərə yaxındır. Yaralıların sayının isə 1000 nəfərə yaxın olduğu deyilir. ölənlərin 350 nəfərə yaxını paytaxt Bağdadın payına düşür.

Eyni zamanda iyun ayı ərzində azərbaycanlıların (türkmənlərin) yaşadığı Mosul və Kərkük ərazisində də ölənlərin sayı onlarladır. İraq ərazisində 2003-cü ildən bəri öldürülən insanların sayı 2 milyonu keçib. Keçən 12 illik müddət ərzində burada, 5 milyon uşaq yetim, 1 milyon qadınsa dul qaldı.

Və İraqda bu acı sonucların əldə edilməsi üçün ABŞ 1 trilyon dollar xərc çəkdi.

Hal-hazırda İraq ərazisindən hər gün ürək ağrıdan xəbərlər, terror hadisələri, dinc əhalinin işgəncələrə məruz qalması kimi xəbərlər gəlməkdədir. Görünən budur ki, burada savaşın 2011 –ci ildə bitdiyi rəsmən elan edilsə də, qeyri-rəsmi hələ savaşın ömrü uzun çəkəcək. Həm də bu savaşın sonu hələ ki, görünmür.

Yəmən

Bu ilin mart ayında xəbər saytları Səudiyyə Ərəbistanına məxsus hərbi güclərin Yəmən üzərinə yeridiyini yazdı. Həmin ərəfədə Yəməndə tərkibi şiə əqidəli zeydilərdən ibarət olan husilər mövcud hakimiyyətə qarşı ayağa qalxmışdılar. Bu zaman Səudiyyə Ərəbistanı bir neçə dövlətin dəstəyini almaqla Yəmən üzərinə yerimişdi. Məqsəd kimi Yəmən dövlətinin başçısı Əbdürrabi Mənsur Hadinin müdafiə olunması əsas göstərilirdi. Yəmən üzərinə nə az-nə çox, 100 savaş təyyarəsinin, 150 min əsgərin göndərilməsi planlaşdırıldı. Səudiyyə Ərəbistanı ilə birgə hərəkət edən bütün qüvvələr müsəlman dövlətlərinə məxsus idi. üzərinə yeridikləri ölkə də müsəlman dövləti idi. Həmin vaxtdan bu ərazilər də sinəsi münaqişə ocaqlarına meydan olan Şərqin qanlı parçasına çevrildi. Gərginlik bu gün də davam edir.

Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisində düzənlənən mətbuat konfransında çıxış edən ümumdünya Sağlıq (Səhiyyə) Təşkilatının nümayəndəsi Kristian Lindmier Yəməndə mart ayından başlayan qarşıdurmalar nəticəsində, bu ilin iyul ayının 10-a qədər keçən müddət ərzində 4 minə yaxın insanın öldüyünü, 18 minə yaxın insanın yaralandığını dedi.

Buna oxşar sözlər BMT İnsan Haqları Ali Komissarlığının nümayəndəsi Rubert Kolville tərəfindən də səsləndirildi.

Bütün bu münaqişələrdən ən çox əziyyət çəkən isə uşaqlar oldu. Onlar təkcə isti yurd-yuvalarını, oyuncaqlarını və evciklərini yox, uşaqlıq həyatını da itirirlər. Son aylarda Yəməndə baş verən qanlı olaylar sonucunda 1 milyon 600 mindən artıq uşağın müalicəsinə ehtiyac yaranıb. Hazırda Yəməndə məktəblərin 70 faizinin bağlanması nəticəsində 2 milyona yaxın uşaq məktəbə gedə bilmir. Gərginlik davam etdiyi üçün, güman ki, bu rəqəmlər hələ çox artacaq.

Başqa Şərq ölkələrində – Liviyada, Misirdə, Cibutidə, Livanda və s.-də də durum, haqqında söz açdığım ölkələrdən o qədər də fərqli deyil.

Bu gün Şərq dünyası şeytanın hökm sürdüyü şər dünyasına çevrilib.

Şair Əli Kərim demişkən, “Şərq boyda bir xarabada” problemlərin, insan fəryadlarının, xəstəliklərin, qarşıdurmaların miqyası və işgəncəli şəraitdə insan ölümlərinin sayı isə yaşadığımız saatlarda belə, artmaqda davam edir.

Bəs çıxış yolu?

Bu günki Şərq (söhbət ərəb şərqindən gedir) təfəkkürü ilə çıxış yolu yoxdur.

çünki şərq dünyasında axan qanları durdurmaq, cahilliyə son vermək və sivil dünyanın bir parçası olmaq üçün 3 şey gərəkir:

1. Kütləvi
maariflənmə
;

2. İdarəetmədə ciddi yenilənmə;

3. Mədəni inqilab.

Ancaq bütün bunlardan ötrü öncə Şərqin bu günə düşməsində böyük günahı olan imperialist güclər bu torpaqlardan əlini çəkməlidir.

Bu olmazsa, çağdaş şərq (ərəb) təfəkkürü ilə bunları həyata keçirmək hələ ki utopiya kimi görünür.

Uzaq gələcək üçün isə ümidsiz düşünmürəm…

Namiq Hacıheydərli

Strateq.az