Türkiyə Xarici İşlər Nazirliyi Belçika parlamentinin «erməni soyqırımını» tanımasını tarixi həqiqətlərin və hüququn yox sayılması kimi qiymətləndirib.
Strateq.az xəbər verir ki, nazirlik Belçika parlamentinin Nümayəndələr Palatasının bu qərarı ilə Türkiyənin növbəti dəfə haqsız ittihamlara tuş gəldiyini bəyan edib:
«Bu ilin əvvəlindən Belçikada türk kimliyi və tarixini qaralamağa yönəlik kampaniya aparılır. Bu qərar da həmin kampaniya çərçivəsində həyata keçirilən zəncirvari fəaliyyətin son həlqəsidir. Bütün bu fəaliyyətlər və parlamentin son qərarı iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcək. Avropada maliyyə və digər sahələrdə böhranın olduğu bir vaxtda Belçika parlamenti öz vətəndaşlarının rifahını təmin edən qərarlar əvəzinə, Türkiyə-Belçika münasibətlərinə yad olan, heç bir tarixi fakta və həqiqətə söykənməyən bir qərar qəbul edir. üstəlik bu məsələdə öncüllük etməyə çalışır. Bütün bunları anlamaq çox çətindir».
Xatırladaq ki, Belçika parlamenti ermənilərin 1915-ci il olayları ilə bağlı iddialarını 1998-ci ildə simvolik bir qərarla tanımışdı. Lakin həmin vaxt parlament «soyqırım» sözünü işlətməmişdi. Bu ilin aprelində Belçikanın Xarici işlər naziri Didier Reynders isə bildirmişdi ki, 1915-ci il olaylarının soyqırım olub-olmadığına qərar vermək məhkəmələrin işidir. Və digər qurumlar məhkəmənin işinə qarışmamalıdır.