İsveçrə federal prokurorluğu 2006-cı il futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnun verilməsi ilə bağlı yaranmış qalmaqalla əlaqədar keçmiş alman futbolçu və məşqçi Frans Bekenbauerə qarşı təhqiqatlara başlayıb.
“Spiegel” jurnalının yazdığına görə, prokurorluq 2006-cı ildə Almaniyada keçirilən futbol üzrə dünya çempionatının təşkilat komitəsinin sədri F.Bekenbauerə qarşı çirkli pulların yuyulması və mənimsənilməsi maddələri üzrə cinayət işi açıldığını təsdiqləyib.
Aparılan təhqiqatlar nəticəsində 2002-2005-ci illər ərzində ümumi məbləği 10 milyon franka bərabər pul vəsaitlərinin hissə-hissə İsveçrəyə, oradan isə Qətərə köçürülməsi müəyyən edilib. Qətərdə izi itən vəsaitlərin Almaniyanın dünya çempionatına ev sahibi seçilməsi üçün səslərin alınmasına sərf edildiyi ehtimal olunur.
Əgər işdə cinayət tərkibi sübuta yetirilərsə, o zaman Frans Bekenbauerin yüksək məbləğdə pul cəriməsi və ya üç ilədək həbs cəzası gözləyir.