Rusiyanın Primorsk vilayətində federal səviyyəli fövqəladə vəziyyət elan olunub. “Layornak” qasırğası nəticəsində vilayətdə 2,5 min ev, 560 həyətyanı sahə, 9 sosial obyekt, o cümlədən xəstəxana, 4 uşaq bağçası, 3 məktəb su altında qalıb, 11 yaşayış məntəqəsi ilə əlaqə kəsilib, mindən çox adam təxliyə olunub.
Rusiya fövqəladə hallar naziri Vladimir Puçkovun rəhbərliyi regionda keçirilən iclasda evsiz qalan sakinlərin yaz fəslinədək müvəqqəti yaşayış yerlərində yerləşdirilməsi barədə qərar qəbul olunub.
Meteoroloqların məlumatına görə, Primorsk yaxın günlərdə daha bir siklonun təsiri altına düşəcək və bu, regiondakı çaylarda suyun səviyyəsinin artmasına səbəb olacaq.
Primorsk Fövqəladə Hallar Nazirliyi İdarəsinin rəisi Oleq Fedyura xilasetmə işləri zamanı həlak olub. “RİA Novosti” agentliyinin yaydığı xəbərə görə, o, tabeliyində olan 9 əməkdaşı körpüdən Pavlovka çayına düşmüş “KamAZ” avtomobilindən çıxararkən həlak olub. (Azərtac)