XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

27 İyul 2015 - 06:38

Aviqdor Liberman: “Azərbaycanla əlaqələrin inkişafı İsrail üçün əhəmiyyətlidir”
Yeni seçilmiş İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasına dair iclas keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından (Azİz) bildiriblər ki, iclası parlamentlərarası dostluq qrupuna rəhbərlik edən deputat, “İsrail – Evimizdir” Partiyasının rəhbəri, İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman aparıb.

İclasda müxtəlif partiyaları təmsil edən deputatlar, həmçinin Knessetin siyasi müşaviri Oded Ben Qur, İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri Oded Yosef, İsrailin Azərbaycandakı səfiri Dan Stiv, “Azİz”in baş direktoru Lev Spivak iştirak ediblər.

A. Liberman İsrail-Azərbaycan münasibətləri haqqında geniş məlumat verib. O, Azərbaycanın coğrafi mövqeyini, iqtisadi potensialını qeyd edərək ikitərəfli əlaqələrin inkişafının İsrail üçün əhəmiyyətini vurğulayıb. Toplantıda iki ölkə arasında ticarət əlaqələrinin yüksək səviyyədə olduğu, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, İsrail neftinin 65 faizi Azərbaycandan idxal olunur.

Azərbaycanda yəhudiliyin tarixindən danışan A. Liberman yəhudilərin müsəlman, eyni zamanda dünyəvi dövlət olan Azərbaycanda hər zaman rahat yaşadığını, heç bir vaxt milli və dini təcavüzə məruz qalmadığını, dövlətin isə onlara inkişaf etmələri üçün şərait yaratdığını vurğulayıb. Azərbaycanda doğulub yaşayan çox sayda yəhudi alim, mədəniyyət xadimi, müxtəlif sahələrdə tanınmış mütəxəssislərin adları sadalanıb, Azərbaycanda hazırda fəaliyyətdə olan yeni və köhnə sinaqoqların olduğu, müstəqillik illərində yəhudi məktəblərinin, mədəniyyət mərkəzlərinin açıldığı bildirilib.

İclasda iştirak edən İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri O. Qosef iki ölkə arasında diplomatik əlaqələrin tarixindən, mədəniyyət sahəsində birgə layihələrin hazırlanmasından danışıb. O, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsini təklif edib.

L. Spivak isə Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi barədə danışıb. O, Azərbaycanın işğal olunmuş torpaqlarının İsrail ərazisindən böyük olduğunu qeyd edib. “Azİz” rəhbəri eyni zamanda deputatların diqqətinə çatdırıb ki, İsrail Knessetində “erməni soyqırımı”nın tanınmasına dair müzakirə cəhdləri hər dəfə Azərbaycanda böyük narahatlıqla qarşılanır. O, Knesset üzvlərindən mümkün qədər bu mövzuda açıqlamalar verməkdən çəkinməyi xahiş edib.

L. Spivakın bu xahişini dəstəkləyən Knessetin siyasi müşaviri Oded Ben Qur təklif edib ki, gələcəkdə bu mövzuda danışarkən ümumiyyətlə, “soyqırımı” sözündən istifadə olunmasın.