Fransa “Pokemon Go” oyununu milli təhlükəsizliyinə potensial təhdid kimi qiymətləndirib.
Lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, Fransa Müdafiə Nazirliyi bu qənaətdədir. Nazirlikdən bildirilib ki, virtual monstrları axtaran oyunçular hərbi obyektlərə girə bilər. Əgər “Pokemon”u hərbçilər özü oynayırsa, gizli hərbi obyektlərin fotoları və koordinatları internetə düşə bilər. “Bizim milli müdafiəmiz oyun deyil. Heç bir vəchlə biz Fransa müdafiəsinin məxfi obyektlərinə və ya xüsusi əhəmiyyətli yerlərə kənar şəxsləri buraxmayacağı”, – deyə nazirliyin mətbuat katibi Valeri Lekabl söyləyib.
Qeyd edək ki, oyun bir sıra digər ölkələrin hərbi idarələri tərəfindən də qadağan edilib. İndoneziyada pokemon ovuna çıxmış fransalı turistin hərbi bazaya daxil olması faktından sonra bu ölkə hərbi obyektlərində “Pokemon Go” qadağası gətirilib. İsrail ordusunun rəhbərliyi isə hərbçilərin bu oyunu oynamasına qadağa qoyub. “Bu oyun qiymətli informasiyalar toplayır. Hərbi baza ərazisində bu oyunu oynamaq qəti qadağandır”, – deyə İsrail ordusunun xəbərdarlığında bildirilir. Çin və Tailandda da oxşar qadağalar tətbiq olunur.