XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 12:21

ABŞ-dan Rusiyaya xəbərdarlıq:"Seçim Rusiyanındır, məsuliyyəti o daşıyır"

carter

ABŞ-ın Müdafiə naziri Eş Carter Rusiyanı dünya düzənini sarsıtmaqda suçlayıb və deyib ki, Vaşinqton «demokratik prosesimizə müdaxilə cəhdlərini» gözardı etməyəcək. Bu barədə «The Wall Street Journal» dərgisində Paul Sonne yazır.  ABŞ-da siyasi qurumlara, eləcə də Demokratlar Partiyasına haker hücumları arxasında Rusiyanın durması barədə ittihamlar səslənir. E. Carter birbaşa bu barədə danışmayıb. Amma istənilən halda, dedikləri dolayısıyla Kremlə xəbərdarlıq kimi səslənib. Böyük Britaniyada Oksford Universitetində tələbələr qarşısında çıxış edən Carter deyib: «Rusiyanın timsalında düşmən axtarmırıq. Amma səhv etməyin: müttəfiqlərimizi, prinsiplərə söykənən beynəlxalq düzəni, bu düzənin hamımıza yaratdığı pozitiv gələcəyi müdafiə edəcəyik. Kollektiv təhlükəsizliyimizi sarsıtmaq cəhdlərinə qarşı dayanacağıq. Demokratik prosesimizə müdaxilə cəhdlərini gözardı etməyəcəyik».

Bir müddət öncə demokratlardan prezidentliyə namizəd Hillarb Klinton deyirdi ki, kiberhücumların arxasında Rusiya dayana bilər, məqsəd də prosesi onun rəqibi, respublikaçı Donald Trampın xeyrinə yönəltməkdir.

Rusiya bu ittihamları rədd edib. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın haker hücumuna sponsorluq etməsiylə bağlı iddiaları «absurd» adlandırıb.

Bu yay Demokratlar Partiyasının qurultayından öncə «WikiLeaks» partiyanın gizli yazışmalarını yaydı. Həmin yazışmalarda partiya rəsmilərinin namizəd kimi senator Sandersə deyil, Klinton-a üstünlük verdiyi görünürdü. Sonucda Demokratik Milli Komitənin sədri Debbie Wasserman Schultz istefa verdi. Amma eyni zamanda Rusiyanın ABŞ-da seçki prosesinə müdaxilə etməsi ittihamları da geniş yayıldı.

Müəllif qeyd edir ki, Carterin bu bəyanatı verdiyi dönəmdə Vaşinqtonla Moskva Suriyada atəşkəslə bağlı danışıqlar aparırlar. Prezidentlər Barak Obama və Vladimir Putin bazar ertəsi Çində G20 sammiti çərçivəsində bu məsələni müzakirə ediblər. 

ABŞ Suriya Zəfər Cəbhəsinə qarşı hücumları koordinasiya etməyi irəli sürüb. Bu qruplaşma «ən-Nusra Cəbhəsi» adıyla tanınıb və «əl-Qaidə»yə bağlıdır. Koordinasiya əvəzində Suriya ordusu hava zərbələrini dayandırmalıdır. Ancaq Obama Rusiyayla belə bir razılaşmaya gəlinəcəyinə skeptik yanaşdığını da söyləyib. Elə Eş Carter də sentyabrın 7-dəki çıxışında oxşar şübhəni dilə gətirib. Deyib ki, ABŞ diplomatları Rusiyanı sınağa çəkir – Moskva Suriya hökumətinə təsir göstərə, vətəndaş müharibəsinə son qoymaqdan ötrü siyasi keçidə razı sala biləcəkmi? «Bu gün Suriyadan gələn xəbərlər ümid oyatmır. Seçim Rusiyanındır, daha sonra olacaqlara görə də məsuliyyəti o daşıyır», – Carter deyib.  (azadlıq.org)