XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2016 - 08:29

Suriya müxalifəti Kerri-Lavrov “sülh” planından imtina edib

su

 

Azad Suriya Ordusu (ASO) sentyabrın 12-dən ABŞ və Rusiyanın planına uyğun olaraq Suriyada hərbi əməliyyatları dayandırmaqdan imtina edib.

Strateq.az xarici nəşrə istinadən bildirir ki, bu bəyanatı Dəməşqə qarşı fəaliyyətdə olan ordunun baş qərargah rəisi, general Əhməd Xalid Birri verib.

Eyni zamanda Suriya müxalifətinin ən nüfuzlu təmsilçisi – Danışıqlar üzrə ali komitə – planın şərtlərini  yerinə yetirmək niyyətində olub-olmadığını hələlik dəqiqləşdirmədiyini ifadə edib. Onun sözlərinə görə, komitə sazişin təfərrüatlarını gözləyir.

"Reuters" mötədil müxaliflərə istinadən xəbər verir ki, Əsədin əleyhdarları barışıq ideyasını bütövlükdə müsbət qiymətləndirir, lakin onda ziddiyyətlər görürlər. Onlar xüsusən də “Cəbhət ən-Nusra” ilə əməkdaşlığa qadağa qoymağı ikili standart siyasəti sayırlar. Qiyamçıların sözlərinə görə, İraq, İran və Livanın dəstəklədiyi və Əsədin tərəfində vuruşan könüllü birləşmələr xatırladılmayıb.

Müxalifət həmçinin qeyd edir ki, sazişdə barışıq şərtlərinin pozulmasına monitorinq mexanizmi və yaxud ona əməl edilmədiyinə görə cəza  yoxdur. Əsədin əleyhdarları hesab edirlər ki, əvvəlki “sülh” sazişinin pozulmasına səbəb məhz bu olub.    

Bundan başqa, müxaliflər həm də bundan narazıdır ki, hökumət aviasiyasına barışıq başlanandan 9 gün sonra da uçmaq icazəsi verilir. Müxalifət hesab edir ki, hökumət HHQ bundan yararlanıb onların mövqelərinə hücum edəcək.

Sözügedən “sülh” planı Qurban bayramında, yəni bu gün qüvvəyə minməlidir və barışıq yeddi gün davam edəcəyi halda ABŞ və Rusiya İŞİD və “Cəbhət ən-Nusra”ya qarşı birgə hərbi əməliyyata başlayacaq.