"The Daily Telegraph" yazır ki, Dünya Anti-Dopinq Agentliyi WADA-nın məlumat bankı haker hücumuna məruz qaldıqdan sonra Rusiyaya qoyulmuş "olimpiya qadağanı" daha da uzadıla bilər.
WADA haker hücumunda və olimpiyaçıların tibbi məlumatlarının internetə sızdırılmasında Rusiya hakerlərini ittiham edib.
Məqalədə deyilir ki, haker hücumunun Rusiya ərazisində fəaliyyət göstərən və hökumətə bağlı olduğu deyilən qrup tərəfindən törədildiyinə inanılır.
Ekspertlər ehtimal edirlər ki, Rusiya öz idmançılarının dopinq qalmaqalı ilə əlaqədar Olimpiya Oyunlarına buraxılmamasının qisasını alıb.
Rusiya adətən olduğu kimi bu ittihamları rədd edib.
Rusiyadan olduqları düşünülən hakerlər agentliyin tibbi məlumat bazasından tennisçi Williams bacıları və gimnast Simone Biles da daxil ABŞ idmançılarının fayllarını sızdırıblar.
WADA-nın britaniyalı prezidenti lord Craig Reedie deyib ki, o haker hücumunun mənbəyi barədə tamamilə əmindir.
O bildirib ki, Rusiyanın dopinqlə bağlı qaydalara ciddi əməl etməyə başlaması ona bəraət verilməsində həlledici rol oynamalı idi, lakin indi bu etimada ciddi zərbə vurulub.
Rusiyanın idman naziri Vitali Mutko ittihamları rədd edib və deyib ki, Qərb hər şeydə Rusiyanı ittiham etməyə çalışır.
O haker hücumunu həyata keçirmiş "Şən ayılar" adlı qrupun hökumətlə bağlılığına dair bütün iddiaları təkzib edib.
"The Telegraph" yazır ki, sızdırılmış məlumatlara həm də Serena və Venus Williams bacılarına, habelə gimnastika ulduzu Biles və ABŞ basketbol komandasının oyunçusu Elena Delle Donne kimi idmançılara səhhətləri ilə bağlı müəyyən preparatların qəbulu üçün istisna qaydasında verilmiş icazələr də daxildir.
WADA "The Telegraph" qəzetinə bildirib ki, əslində Rusiya idmançılarına sansksiyalar qoyulandan bəri demək olar gündəlik qaydada haker hücumlarına məruz qalır.
Agentlik öz əməkdaşlarına internet parollarını dəyişməyi tövsiyə edib. (Müsavat)