“Windows 7” və “8.1” əməliyyat sistemi istifadəçilərinin “Windows 10” sistemini pulsuz quraşdırma imkanından məhrum edilməsinə baxmayaraq, sonuncu əməliyyat sisteminin populyarlığı artır. Cari ilin avqustunda “Windows 10” sisteminin masaüstü kompyuterlər üçün əməliyyat sistemi bazarında payı 25 faiz olub.
“Net Application” analitik şirkətinə məxsus və 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən “NetMarketShare” xidmətinin məlumatında belə deyilir.
“NetMarketShare” xidmətinin statistikasına əsasən, 2016-cı ilin avqustunda dünyadakı fərdi kompyuterlərin 23 faizində “Windows 10” qurulub.
2016-cı il iyulun 29-da “Windows 7” və “8.1” ilə işləyən kompyuter sahibləri üçün “Windows 10” platformasının pulsuz quraşdırılmasının dayandırılmasına baxmayaraq, bu platforma öz mövqeyini möhkəmləndirməyə davam edir. İndi “Windows 10” sisteminin “Home Edition” üçün dəyəri 119 dollar, “Pro” versiya üçün 200 dollar təşkil edir.
“Windows 8”-in uğursuzluğundan sonra “Microsoft” şirkəti rəqabətə davamlı əməliyyat sistemi yaratmaq qabiliyyətini sübut etmək istəyirdi. Yeni məhsulun irəliləyişində edilmiş bütün cəhdlərə baxmayaraq, proqram nəhəngi 2018-ci ilin ortalarına kimi “Windows 10” ilə işləyən qurğuların sayının 1 milyarda çatdırılması məqsədinə nail ola bilməyəcəyini etiraf edib.
“Windows 7” ƏS-i bazarında ən populyar sistem olaraq qalır. 2016-cı ilin avqustunda bu sistemin bazar payı 47.25 faiz təşkil edib. “Windows XP”nin bazar payı isə 10.34 faizdən 9.36 faizədək azalıb.
“NetMarketShare” xidmətinin 2016-cı ilin avqustuna olan məlumatına görə, dünyadakı masaüstü və noutbukların 90.52 faizinə “Windows”un müxtəlif versiyaları qurulub. “Apple OS X” əməliyyat sisteminin payı bir ayda 7.87 faizdən 7.37 faizədək, “Linux” platformasında isə 2.33 faizdən 2.11 faizədək azalıb(azərtac).