“Heç bir ölkə yaxud prezident İran və 5+1 qrupu və BMT tərəfindən imzalanmış nüvə razılaşmasını poza bilməz”.
Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Amerikanın NBC telekanalına verdiyi müsahibədə deyib. Prezident ABŞ Maliyyə Nazirliyinin banklar və digər maliyyə müəssisələrinin İranla sövdələşmələrini əngəlləmək cəhdlərini qınayıb: “İran yekun nüvə razılaşmasının 8 illik müddətinin sona çatmasından sonra da nüvə silahı istehsal etmək niyyətində olmayacaq”.
Ruhani nüvə razılaşmasının tənqidçilərini, xüsusi ilə ABŞ prezident seçkilərinə respublikaçı namizəd Donald Trampın bəyanatlarını rədd edib: “Bu razılaşma 7 ölkə və BMT tərəfindən imzalanıb və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında icra edilməkdədir”.
Ruhani Donald Trampın İranla nüvə anlaşmasını "dəhşətli anlaşma" adlandırmasını “seçki üçün şüar” adlandırıb: “ABŞ-da prezidentliyə namizədlərin seçki kampaniyaları üçün yarayacaq hər hansı bir mövzuya toxunmaları gözləniləndir. Ancaq kimsə İranla nüvə razılaşmasını rədd edə bilməz”.
İran prezidenti Sruiyada müharibəyə son qoymaq üçün siyasi həll yolunun tapılmasını vurğulayıb: “Suriyada daxili müharibəyə müharibə yolu ilə deyil siyasi yollarla son qoymaq mümkündür.
Həsən Ruhani Suriya sərhədlərinin olduğu kimi qorunub saxlanılmasının vacibliyini bildirib: “Suriyada hakimiyyət barədə qərar seçki yolu ilə verilməlidir. Meyar seçki qutuları, Suriya xalqının iradəsi və istəyi olmalıdır. Suriyanın gələcəyi barədə sadəcə bu ölkə xalqı qərar verə bilər”.