Bosniya Serb Respublikasına qarşı istənilən əməliyyat bizim Bosniya və Herseqovina konfederasiyasından ayrılmağımıza səbəb olacaq.
Bunu “Sputnik” agentliyinə açıqlamasında Bosniya Serb Respublikasının rəhbəri Milorad Dodik söyləyib.
Onun sözlərinə görə, Bosniya Serb Respublikası rəsmi Sarayevoya qarşı öz haqlarını sona qədər müdafiə edəcək:
“Bizim özümüzü qorumaq üçün hər şeyimiz var. Bizə qarşı güc tətbiq olunsa, həmin an Bosniya və Herseqovina konfederasiyasının tərkibindən çıxacağıq”.
Qeyd edək ki, son günlər Bosniya Serb Respublikasının rəsmi Sarayevo ilə münasibətləri pisləşib. Respublikanın lideri olan Dodik daha çox Rusiyaya meyilliliyi ilə seçilir. Sentyabrın 23-də onun Moskvaya səfəri gözlənilir.
Bosniya və Herseqovina konfederativ dövlətdir. Bu ölkənin əhalisinin əksər hissəsini boşnaklar, xorvatlar və serblər təşkil edir. Bosniya və Herseqovina konfederasiyası öz tərkibində Bosniya və Herseqovina Federasiyası və Bosniya Serb Respublikasını birləşdirir. (Axar.az)