XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 11:06

İmperatorun taxt-tacı təhvil verməsini müzakirə edən Şura yaradıldı- Yaponiyada

Sentyabrın 23-də Yaponiya hökuməti İmperatorun könüllü şəkildə taxt-tacı təhvil verməsi məsələsini müzakirə edəcək Şuranın fəaliyyətinə start verib.

Bu barədə jurnalistlərə məlumat verən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, altı nəfərdən ibarət olan Şura ilk iclasını oktyabrda keçirəcək.

Yeni Şuraya Yaponiya Biznes Federasiyasının sədri Takaşi İmai, Tokio Universitetinin fəxri professoru Takaşi Mikuriya kimi cəmiyyətdə xüsusi nüfuza malik şəxslər daxildir.

Y.Suqa bəyan edib ki, İmperatorun yaş həddini nəzərə alaraq, Şuradan xahiş olunacaq ki, monarxın dövlət vəzifələrinin yüngülləşdirilməsi ilə yanaşı, taxtın ötürülməsi məsələsini də müzakirə etsin.

Xəbər verdiyimiz kimi, İmperator Akihito avqustda televiziyada çıxış edərək bildirib ki, fiziki cəhətdən zəifləməsi bir vaxt ona dövlət vəzifələrini həyata keçirməyə imkan verməyəcək.

Yapon qanunvericiliyində İmperatorun sağlığında taxt-tacı təhvil verməsini nəzərdə tutan bənd yoxdur.

Y.Suqa əmin olduğunu bildirib ki, Şura Konstitusiya, İmperator Sarayı Haqqında Qanun və sarayın tarixi üzrə mütəxəssisləri dinləyərək geniş ictimaiyyətin rəyini əks etdirəcək hesabat hazırlayacaq(azərtac).